Yetmişlərdə, səksənlərdə sadə, gözəl nağıllarla, yaxşı mütaliə ilə böyüyən saf uşaqlar minlərlə insanın qanını tökdü. Sovet uşaqlarına məlum oldu ki, ədəbiyyat siyasət və tarix qarşısında acizdir.
Başımızın qaxıncı olan "yüksək sovet tərbiyəsi", davamlı mütaliə heç nəyə yaramadı. Müasir tarixin ən qanlı illərini məhz, həmin disiplinli şagirdlər yazdı.

Ətrafımda sutkanın oyaq olduğu bütün saatlarını kitab oxumağa həsr edən adamlar var. Hərdən mənə elə gəlir ki, onlar danışmır, oxuduqlarını sayıqlayır. Çünki iki cür bilik var, verbal və qeyri-verbal. Onun-bunun sitatlarından başqa qabında bir şey olmayanlar, bir də təbiətin verdikləri. İnsanda anadangəlmə olmayan istedadı, fəhmi bilikləri mütaliə vasitəsi ilə əldə etmək mümkünsüzdür. Məsələn, saysız-hesabsız yazıçının əsərlərini oxumaqla yazıçı olmaq mümkün deyil. İstedad ya var, ya yoxdur. Həm də oxuduqlarının özünə, ətrafa təsiri yoxdursa, o məlumatların heç nəyə dəxli yoxdur. "Google"daki məlumatların "Google"a nə qədər xeyri varsa, oxuduqlarının da sənə o qədər xeyri var.

Oxumaq, mütaliə deyən kimi ağlına Oşo, "Ərə getməyin 1001 faydası" kitabları yadına düşənlər və ya əldəqayırma psixoloqların uydurduğu boş-boş fikirlər gələn adamlar da var. Əmin olun ki, bədən dili, 1 aya milyon qazanmağın yolları haqda olan söz yığını ağac sərfiyyatına və sizin cibinizi məhv etməyə hesablanıb. O bədən dili kitablarında "Əgər yanını qaşıyırsa, sizi sevir", "Qulağını oynadırsa, tərəddüddədir" fikirləri sizi dolamaq üçündür.

Həmçinin, "ciddi ədəbiyyat" adı ilə sırınan rus və dünya klassikası da sizə lazım deyil. Əgər gələcəkdə ədəbiyyatçı, tənqidçi olmağı planlamırsınızsa, qalaq-qalaq klassik ədəbiyyat, detektiv oxumaq nəyinizə gərəkdir? Bizi və bizdən əvvəlki nəsilləri aldatdılar. İnandırdılar ki, kiçik yaşından sistemli mütaliə, ədəbiyyat kitablarının isladıb suyunu içmək, bizi təmiz insan, əxlaqlı vətəndaş edəcək. Bizə bunu inandıran cəmiyyətin, sistemin tarixə qanlı hərflərlə yazdığı uşaqlığımız, yeniyetməliyimiz praktikanın, reallığın başqa şey olduğunu sübut elədi.

Dünyada yapon, skandinaviya xalqları kimi Tolstoyu, Dostoyevskini, Çingiz Abdullayevi, Elxan Elatlını oxumayıb, xoşbəxt yaşayan xeyli nümunələr var.

Kitabxanalarda satış rəflərində önə çəkilənlər ya detektiv romanlar, ya da erotik adı olan ucuz kitabcıqlardır. Bu kitabları alınandan sonra oxunmağına da şübhə edirəm. Çünki bu kitabların çoxu yanına yarısaralmış yarpaq, bir fincan çay qoyub şəkil çəkdirmək üçün alınır.

Guya ki, ədəbiyyat, mütaliə gözəl diksiya, fikrini ifadə edə bilmək bacarığı qazandıracaqmış. Onda niyə yoxdur? Niyə qalaq-qalaq sovet ədəbiyyatı, kriminal, klassika oxuyan yaşlı nəsil küçədə mikrofon uzadan kimi fikrini ifadə etməyə aciz qalır? O qədər mütaliə edən varsa, niyə hamı ana dilimizin kasadlığından şikayət edir? Demək ki, biz nəyisə ya ümumiyyətlə eləmirik, ya da ki, artistlik, gözə soxmaq məqsədi ilə edirik. Bizdə kitab satan, kitab alveri ilə məşğul olanlarda elə yekəxanalıq var ki, adama elə gəlir ki, xaricdən gətirdikləri, gömrükdən zorla keçirtdikləri kitabların hamısını bu adamlar yazıb. Hamı kitabdan istifadə etmək istəyir. Heyf ki, yaxşı məqsədlər üçün yox.

Biz, bizim başımıza açılan oyunlardan gələcək nəsilləri qorumalıyıq. Hər şeydən yarımçıq, hər şeydən bir az dövrü çox uzaqlarda qaldı. Deyə bilərsiniz ki, kitab oxumaq pis vərdişlərə vaxt sərf etməkdən yaxşıdır. Ancaq mənasız ədəbiyyat oxumaq yerinə, idmanla məşğul olmaq, əlavə dil öyrənmək, müasir texnikanı mənimsəmək də mane olmur. Ağzımızın suyu axa-axa danışdığımız texnika ölkələri eşq romanları oxuyaraq bu günlərə gəlib çıxmayıb.

Təsəvvür edin, 11 il orta məktəb, 4 il ali məktəbdə oxumuş vətəndaşın öz tarixi ilə bağlı səthi də olsa, xəbəri yoxdur. Bu, bədbəxtlikdir. Elə bir bədbəxtlikdir ki, ancaq bu gün üçün keçərli deyil. Tarixini bilməyən, tarixindən xəbərsiz insanın öz ölkəsinə sevgisi ola bilməz. "Tarix təkrarlanır" ifadəsindən ötrü ölən adamlar belə bunu şüursuz deyir. Amma bu ifadənin ağır yükündən, məsuliyyətindən xəbəri yoxdur. Tarixini bilməyən toplumun aqibəti qeyri-müəyyənlikdir. Tarix kitabları kitab kimi yox, qeyd dəftəri kimi bizim qədər əziyyət çəkmiş xalqların ürəyinin başında gəzməlidir. Bütün tarixi mövzuların müzakirəyə açıq olmasını tələb edirik, özümüz isə o müzakirələrdə tamaşaçı qismində iştirakla kifayətlənirik. O mənasız, sentimental romanlar yerinə tariximizi oxuyaq.

Seçim sizindir: Ya romantika, ya da arzuladığımız texniki inkişaf etmiş gələcək.

Günay Arda
Milli.Az