Kanadada elektrik mühəndisi işləyən Con Turmel 1979-cu ildən bu yana 95 dəfə seçkilərdə namizəd olsa da, qələbə qazana bilməyib.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Con bu səbəbdən dünyanın seçkilərdə ən çox məğlub olan siyasətçisi kimi tanınır. Bununla belə, mübarizədən bezməyən Turmel 96-cı dəfə şansını sınamaq qərarına gəlib.
Con qeyri-qanuni qumarxana işlədib. Polis basqınından sonra qumarın leqallaşdırılması hədəfi ilə siyasətə atılıb. İlk seçkidə qapı-qapı gəzərək 193 səs toplayıb. Bu dəfə isə Brentford şəhərinin bələdiyyə sədri olmaq üçün seçkilərdə iştirak edəcək.
67 yaşlı siyasətçi deyib:
"Seçkilər qələbə qazanmaq və ya məğlub olmaq üçün deyil. Önəmli olan fikirlərinizi yaymaqdır".
Bələdiyyə məclisi üzvlüyündən tutmuş deputatlığa qədər hər seçkidə iştirak edən Turmel əsasən müstəqil namizəd kimi yarışır. 40 illik siyasət həyatında ən çox 4500 səs toplayıb. Seçkilərin birində isə cəmi 11 səs yığıb.
Turmel bildirib ki, məğlub olduğu üçün heç vaxt peşman olmayıb.
Milli.Az