Ötən gün axşam saatlarında İstanbulda azərbaycanlı iş
adamı Etimad İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl
Dəmirovun polisə verdiyi ilkin ifadə məlum olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, Dəmirov qətlin pul üstündə baş verdiyini etiraf edib.
Türkiyədə bizneslə məşğul olan Dəmirov şəriki E.İsmayılovla
birlikdə qurduqları şirkətin 4 milyon dollar dəyərindəki 2 faizlik
hissəsinin onun adına keçirilməsini istəyib. İş adamları
aralarındakı problemi həll etmək üçün İsmayılovun Floryadakı
ofisində görüşüblər.
Dəmirovun 4 milyonluq tələbi qəbul olunmayıb. Nəticədə aralarında
mübahisə düşüb. Təhqirə məruz qaldığını iddia edən Dəmirov üzərində
gəzdirdiyi silahla İsmayılovun baş və ürək nahiyəsinə atəş açaraq
hadisə yerindən uzaqlaşıb.
İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək
mümkün olmayıb. İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat
nəticəsində qətldə şübhəli bilinən Dəmirov 3 saatdan sonra sürücüsü
ilə birlikdə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
"Görüşmək üçün ofisinə getdim. Orada məni təhdid edib, üzərinə
hücum çəkdi. Mən də qorxub silaha əl atdım", - deyə saxlanılan iş
adamı ifadəsində bildirib.

Qeyd edək ki, qətlə yetirilən iş adamı Etimad İsmayılov sabiq
deputat, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış
jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. (azvision.az)