Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihələrə başlayıb.

Publika.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev layihə haqqında şərh verərək layihə çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcəyini bildirib.

"Kəndlərdə yaşayan əhalinin böyük əksəriyyəti qadınlardır. Bu qadınların məşğulluğunun təmin edilməsinə dəstək ailələrin rifah səviyyəsinin yaxşılaşması istiqamətində çox önəmlidir. Məhz bu səbəbdən də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir”.

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir.

Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.

Kənd İnvestisiya Layihəsi çərçivəsində pilot olaraq Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib. Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb.

M.Əliyev onu da əlavə edib ki, layihəyə qatılan gənclər ilkin olaraq biznesin inkişafı və idarə edilməsi proqramı üzrə təlim alıblar:

"Onlar Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşları ilə birgə öz rayonlarında biznes inkubatorları yaradacaqlar. Bu inkubatorlar Qadın İnkişaf Qruplarına kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi xidmətləri göstərəcək. Onlar qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda kömək edəcək və onları maliyyə mənbələri və bazarlarla əlaqələndirəcəklər”.

Qeyd edək ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, icma inkişafı üzrə menecer Gülbəniz Qəmbərova bildirib ki, layihə çərçivəsində kənd qadınlarının iqtisadi səlahiyyətlənməsini gücləndirmək üçün innovativ pilot fəaliyyəti hazırlanıb:

"Layihə çərçivəsində 5 rayonda 88 qadından ibarət 6 Qadın İnkişaf Qrupunun yaradılmasına nail olunub. Həmin qruplara əldə etdiyi vəsaitin miqdarı qədər onlara mükafat veriləcək. Qadın İnkişaf Qruplarının sayı artıqdan sonra bu qruplar daxili imkanları hesabına fəaliyyət göstərəcək. Qadın İnkişaf Qruplarına daxil olan 35 gənc qadına biznes xidmətinin göstərilməsi və bacarıqlarının artırılması üçün təlimlər keçirilib. Təlimdə onlara biznes planın qurulması, maliyyəyə və bazara çıxış üçün kömək edilib”.

Könül