ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə Cənubi Koreya arasında yeni sazişlərin imzalanmasını alqışlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Tvitter səhifəsində bununla bağlı status yazıb: “Kim Çen In nüvə obyektlərində təftişə və beynəlxalq ekspertlərin iştirakı ilə nüvə poliqonunun və start meydanının tam bağlanmasına icazə verib. Bununla yanaşı, Şimali və Cənubi Koreya 2032-ci illərdə keçiriləcək Olimpiya oyunlarının keçiriləsi üçün birgə ərizə verəcək”.

Qeyd edək ki,Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Ce-in arasında Pxenyanda keçirilən sammitin nəticələrinə əsasən birgə sənəd imzalanıb. “Pekhvavon” dövlət iqamətgahında keçirilən imzalanma mərasimində Şimali və Cənubi Koreya liderləri ikitərəfli münasibətləri normallaşdırmaq, nüvəsizləşdirmə tədbirlərini davam etdirmək, mümkün sahələr üzrə əməkdaşlıq qurmaq, iki azad iqtisadi zona yaratmaq barədə razılıq əldə ediblər. Bundan əlavə, birgə hərbi komissiya, sülh zonası yaradılması haqqında da razılıq əldə olunub və müvafiq sənədlər imzalanıb.

Günay Elşadqızı / METBUAT.AZ