Tarixdə belə bir deyim var: “Atlar insanları mədəniyyətə aparır”.

Əslində, elə bu deyimin özünü tarix sübut edib və dəfələrlə təkrarlayıb. İnsanların uzaq məsafələri qət etməsi, aradakı uzaqlığa baxmayaraq, bir-birilə əlaqə yaratması məhz atların sayəsində mümkün olub. Hətta, savaşlarda, müharibələrdə ata sahib olmaq qələbənin təminatına çevrilib. Beləcə, insanla at arasında təbii və ruhən bağlar yaranıb. Bu bağlar günümüzdə də mövcuddur. Günü-gündən inkişaf edən texnologiyalar, böyüyən şəhərlər belə insanla ata arasındakı bağları tamamilə qopara bilməyib.

Metbuat.az dünyada nadir rast gəlinən 10 at cinsi haqqında məlumatı təqdim edir:

10. Friesian atı

Bu atlar qapqara olur. Bədənindəki, yaxud ayağındakı kiçik bir ağ işarə belə qəbuledilməzdir.Uzun, qalın, şəlalə kimi axan yalı və quyruğu var. Ayaqlarında da çəngə ilə tük görünür. Friesian atının quyruğunun yaxud yalının kəsilməsi heç vaxt xoş qarşılanmır. Bu atlar daim başlarını dik tutur. Çiyinləri çox güclüdür. Friesian ayğırları 100-150 sm, madyanlar isə 100-140 smuzunluğundadır. Gözəllikləri və güclü olmaları Avropada bu atların şöhrət qazanmasına səbəb olub. Avropa məhkəmələri məhz Friesian atları qoşulan arabalardan istifadə edib.

9. Gypsy Vanner atları

İspaniya stili bəzənən bu at sahibinin nəzər nöqtəsində olmasının təminatıdır. Bu atlara “Qaraçı atı” deyilməsinin səbəbi yüzilliklər boyunca İrlandiya və İngiltərədə qaraçı ailələri tərəfindən yetişdirilməsidir. Qaraçılar bu atları köç zamanı yüklərini daşımaq məqsədilə saxlayırdılar. Bundan əlavə, onlar uşaqları tərəfindən idarə edilə bilən mülayim və təlimə uyan, eyni zamanda, gün ərzində az yeyib, az içərək öz gücünü qoruyan atlara sahib olmaq istəyirdilər. Məhz bu səbəblər belə gözəl atların yetişdirilməsi üçün əsas idi. Gypsy Vanner atları uzun yalları və quyruqları, şahanə duruşlarıyla yanaşı, üsyankar olmamalarıyla da diqqət çəkir.

8. Appaloosa atı

ABŞ-da yetişdirilən bu at cinsinin İspan müstəmləkəçiləri tərəfindən yaradılması ehtimal olunur. İlk dəfə XVIII əsrdə ABŞ-ın Oreqon ştatında Nez Perce hinduları bu atları ilxı ilə yetişdirməyə başlayıb. Güman edilir ki, xallı atlar öz adını bölgədəki Paolosa çayından götürüb. Hindular bu atlardan savaşda, köç zamanı və çətin keçilən dağ yollarını aşmaq üçün istifadə edib.

7. Shire atı

“Zadəgan atı” ləqəbiylə məhşur olan bu atların orta əsr ingilis zadəganlarının atlarının nəslinə mənsub olduğuna inanılır. Əvvəllər hərb atı kimi məhşur olsa da, sonradan kənd təsərrüfatında və yükdaşımada istifadə olunub. Nəhəng gövdəsinə baxmayaraq, nəcib davranışı ilə öz ləqəbini doğruldur. Hazırda bu atlar daha çox fermer sərgilərində və sirklərdə insanların marağını cəlb edir.

6. İslandiya atı

Uzun tükləri ilə şöhrət tapan bu atlar güclü və dözümlüdür. Soyuq hava şəraitinə onlar kimi dözən ikinci at cinsi yoxdur. Deyilənə görə, bu at cinsi İslandiyaya Vikinqlər tərəfindən gətirilib. Ona görə də bu atlara “Vikinq atı” ləqəbi qoyulub. Boylarının balaca olmasına rəğmən bütün mənbələr bu heyvanları at kimi qəbul edir. İslandiya atları uzunömürlüdürlər. Əgər doğulduqları mühitdən kənara çıxmasa, nadir hallarda onlarda xəstəlik qeydə alına bilər.

5. Lipizzan atları

Boylarının uzunluğu ilə diqqət çəkən bu atlar həm də əzələlidir. Doğulduqları andan etibarən zərifliyi və nəcibliyi ilə diqqət çəkən Lipizzan atları da uzunömürlüdür. Bu cinsə mənsub atlar içərisində çox nadir hallarda topallıq meydana gəlir. Ən üstün cəhətləri düşdükləri mühitə tezliklə adaptasiya ola bilmələridir.

4. Ahaltəkə atı

Bir türkmən atıdır. Elm adamları hesab edir ki, bu atlar 3000 il öncə insanlar tərəfindən ilk əhilləşdirilən atlardır. Asiyada, xüsusilə də, türk xalqları arasında çox məhşurdur. Ahaltəkə atının adı “Manas” və “Kitabi-Dədə Qorqud” dastanlarında da çəkilir. Türkmənistanın Ahal vilayətində yaşayan təkə türkmənləri tərəfindən yetişdirildiyindən adını da burdan götürüb. Ahaltəkə atının gözünün ətrafı qara rənglə çevrələnib. Buna görə də yerli əhali bu atı oxşayanda “badam gözlü” deyirlər. Həssas olduğu qədər də inadkar bir xarakterə malikdir. Sahibinə olan sədaqəti dillər əzbəridir.

3. Percheron atı

Kökü Şimali Fransanın Perc əyalətinə bağlıdır. Daha çox ABŞ və Kanadada rast gəlinir. Tarixən müharibələrdə və kənd təsərrüfatında geniş istifadə olunub. Enli və dərin sinələri var. Ön ayaqların əzələlərinin qabarıqlığı onun əsl yük atı olmasına dəlalət edir. Təbiətən olduqca mülayimdir. Uzun yol qət etmək üçün uyğun olan bu atlar “dünyanın ən güclü at cinsi” kimi də məhşurdur.

2. Başqır qıvrım atı

Çox qədim bir dağ atı olan başqır atından calaq edilərək yaradılıb. Tüklərinin qıvrımlığı bu cinsə mənsub olan atların xüsusiliyidir. Ortaboylu olan bu atlar düz ayaqlara, gödək bel ölçülərinə sahibdir. Sakit təbiətli, mülayim və ağıllıdırlar.

1. Norveç fiyordu

Qərbi Norveçin dağlıq ərazilərində yaşayan bu atlar balacaboy olsalar da, çətin şəraitlərdə dözümlülüyü ilə diqqət çəkir. Dünyanın ən qədim at cinslərindən biri kimi yüzillərdir ki, insanlar tərəfindən istifadə edilir. Maraqlı, mülayim, güclü və cəsurdurlar. Yallarının ortası qara, kənarları ağdır. Bu, onların malik olduğu ən xüsusi gözəllikdir. Fiyordlar vikinqlərin minik atı olub və onlar tərəfindən at döyüşlərində də istifadə edilib. Kökləri Qərbi Norveçə bağlansa da, hazırda Qərbi Almaniya da daxil olmaqla, bütün Skandinaviya boyunca geniş yayılıblar. Danimarkada bu at cinsi olduqca sevilir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Günün ulduz falı - 19 sentyabr - Oxumaq üçün tıkla