ABŞ prezident Donald Tramp ABŞ Ticarət Təmsilçiliyinə Çinə qarşı ikinci gömrük vergisi paketini həyata keçirmək təlimatı verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev-dən yazılı açıqlama yayılıb. Açıqlamada deyilir ki, 200 milyard dollarlıq məhsula tətbiq ediləcək yeni tariflər sentyabrın 24-də qüvvəyə minəcək və ilin sonuna qədər 10 faiz səviyyəsində qalacaq. 2019-cu ilin yanvarından etibarən isə 25 faizə qədər yüksələcəyi gözlənilir.

Tramp bildirib ki, əgər Çin bununla bağlı cavab tədbiri görsə, o zaman daha 267 milyard dollarlıq Çin məhsuluna üçüncü vergi paketi tətbiq olunacaq. "Çin rəhbərliyini ədalətsiz ticarət müharibəsini dayandırmağa çağırıram” deyən Tramp bildirib ki, ümid edirəm, bu ticarət məsələsi, sonda mənim və böyük hörmət və yaxınlıq hiss etdiyim Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən öz həllini tapacaq.

Qeyd edək ki, Tramp daha əvvəl sentyabrın 24-dən etibarən Çindən idxal edilən 200 milyard dollarlıq məhsula 10 faiz gömrük vergisinin tətbiq ediləcəyini bildirmişdi.

Günay Elşadqızı / METBUAT.AZ