“XXI əsr türk əsri olacaq”, - Prezident İlham Əliyevin
tarixə keçən bu sözləri hər keçən gün öz reallığına
yaxınlaşmaqdadır.
Bir neçə gün öncə - sentyabrın 15-də Azərbaycanın paytaxtında
Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyinə həsr
olunmuş paradın keçirilməsi və paradı izləyən iki türk liderinin
qardaşlıq mənzərəsi fonunda səsləndirdikləri sözlər dünyaya
Azərbaycan-Türkiyə tandemini bir daha nümayiş etdirdi.
Azərbaycan və Türkiyə dünyaya açıq mesaj verdi: qardaşların birliyi
və heç kim bu qardaşlığı yıxa bilməz.
Prezident İlham Əliyev bildirdi ki, bu gün Türkiyə-Azərbaycan
əlaqələri ən yüksək zirvədədir: “Məncə, dünyada ikinci belə nümunə
yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər
bir-birinə arxa-dayaq olsun. Bizim görüşlərimiz müntəzəm olaraq
keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu
gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik.
Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən
Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu gün
Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi
sahədə iş birliyi, əməkdaşlıq dərinləşir. İl ərzində bir neçə dəfə
müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan
ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və
onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”.
Azərbaycan lideri qeyd etdi ki, “Yüz il bundan əvvəl biz bir yerdə
idik, bu gün də biz bir yerdəyik”.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə qeyd edib ki, “Türkiyə
dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir və
Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı
uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə
taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir,
mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”.
Ərdoğan Bakıdan Ermənistana da açıq mesaj verdi: “Azərbaycanın
sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi,
ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə,
biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.
İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox
qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş
Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların,
bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane
olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir.
Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Dağlıq
Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin
bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir”.
Bakıdakı paraddan ilk qorxuya düşən işğalçı Ermənistan oldu. Erməni
şərhçi Sarqis Artsruni Türkiyə və Azərbaycan münasibətlərinin
Dağlıq Qarabağ probleminin nizama salınması kontekstində
əhəmiyyətli olduğunu vurğulayıb.
“Ankara Qarabağ problemində Azərbaycana qeyd-şərtsiz dəstəyini
ifadə edir. Bununla yanaşı, Ankara və Bakı Qarabağ probleminin
nizama salınması formatına yenidən baxmaq planını işə salıb. Yeni
taktikaya görə, problemin Türkiyə-Azərbaycan-Rusiya formatında
həllinə nail olmaq istəyirlər. Bu isə Ermənistan üçün ciddi
təhlükədən xəbər verir”, - deyə erməni şərhçi bildirib.
Türk dünyasının və regionun iki gücündən qorxuya düşənlərin olduğu
aydındır. Bakıda Xüsusilə iki gücün enerji və nəqliyyat xəritəsində
söz sahibi olması gələcəkdə bölgəyə kimin hakim olacağının açıq
nişanəsidir. Bakıda keçirilən parad da iki türk ölkəsinin hərbi
birliyinin nümayişi idi. Burada ABŞ kəşfiyyatının “kölgəsi” hesab
olunan “Stratfor” beyin mərkəzinin rəhbəri Corc Fridmanın 2015-ci
ildəki etirafı yada düşür.
Ankara və Bakının güclü bir ittifaq qurduqlarını və yaxın gələcəkdə
bu güclərin böyük söz sahibinə çevriləcəyini etiraf edən C. Fridman
dünyanın Azərbaycan və Türkiyə qorxusunu belə anlatmışdı: “Türkiyə
Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə
çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək. Aralıq və Qara
dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək
və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək. Artıq bu
prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında
getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir.
Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və
Gürcüstanla güclü bir ittifaq qurdu”.
Azərbaycan liderinin dediyi kimi, “XXI əsr türk əsri olacaq”.
Publika.az