Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd edilib.
Mətbuat.az xəbər verir ki, yubiley tədbirində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti və AzƏOK-un sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) baş katibi İoannis Psilopoulos, MOK-un baş katibinin müavini Azər Əliyev, ölkəmizə dəvət olunmuş rəsmi qonaqlar, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
AzƏOK-un fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxış edərək AzƏOK-un fəaliyyətindən və əldə etdiyi uğurlardan, ölkəmizdə idman hərəkatının inkişafından danışıblar. BƏOK-un prezidenti Jeno Kamuti çıxış edərək dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə dünyada Olimpiya hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib.
BƏOK-un rəhbəri 2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəyini və 50-dən artıq ölkənin bu festivalda çıxış edəcəyini qeyd edib. J.Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını bildirib: “Beynəlxalq Ədalətlı Oyunlar Komitəsinin Regional Ədalətlı Oyunlar İnkışaf Mərkəzi Bakıda açılacaq. MOK-un vitse prezidenti, AzƏOK-in sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Regional ofisin rəhbəri də X.İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün BƏOK də əlindən gələn köməkliyi göstərəcək”.
Digər çıxış edənlər AzƏOK-a faəliyyətinə uğurlar arzulayıblar.
Yubiley mərasimində AzƏOK-un sədri X.İsayevin müəllifi olduğu qurumun 20 illik fəaliyyətindən bəhs edən “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabının və təşkilatın loqosunun təqdimatı da keçirilib.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası İlham Əliyevin 1997-ci ildə MOK-un Prezidenti seçilməsindən sonra yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəxlaq Ədalətli Oyunlar Təşkilatları ilə sıx əməkdaşlıq edir. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, 2015-ci ildə isə Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı ilə təltif edilib. 2015-ci ildə, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif edilib.