İraqın baş naziri Heydər əl-İbadi ikinci dəfə baş nazir olmayacaq.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özü açıqlama verib. Heydər əl-İbadi Bağdadda keçirdiyi mətbuat konfransında bildirib ki, bu qərarı İraq şiələrinin lideri ayətulla Əli əl-Sistaninin çağırışına cavab olaraq qəbul edib.:
“Biz dini lider ayətullah Əli əl-Sistaniyə hörmətlə yanaşırıq və bunu davam etdirəcəyik. Mən baş nazir postuna ikinci müddətə namizədliyimi irəli sürmək niyyətində deyiləm. Kresloya bağlı qalmayacam”.
İraqda vəzifəni təhvil verməyin silahlı qarşıdurmalarla deyil, sülh yolu ilə olacağını deyən İbadi bildirib ki, xalqa xidməti yeni hökumət qurulana qədər davam edəcək: “Hər kəsə sülh şəraitində vəzifəni təhvil vermək dərsi keçəcəyik”.
Qeyd edək ki, ayətullah Əli əl-Sistani keçmişdə iqtidarda olmuş adamların yeni qurulacaq hökumətdə baş nazir olmalarını dəstəkləmədiyini bildirib. Onun sözlərinə görə, xalqın çox hissəsi onların rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsinə ümid etmir.
Günay Elşadqızı / METBUAT.AZ