“Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatında 9 tatami ustamız mübarizə aparacaq. Komandamız Şağan Olimpiya İdman Kompleksində məşq edir. Hazırda sparrinqlər və digər məşqlər keçirilir. Məşqçilər korpusu idmançıların hazırlığına xüsusi diqqət yetirir. Komandamıza bir komplekt medal lazımdır – I, II, III yerlər. Bu yığmamız üçün yaxşı nəticə olar. Amma ondan da yüksək nəticə arzulayırıq. Tatami ustalarımıza inanırıq. Yığmamız yaxşı formadadır. Cüdo Federasiyası rəhbərliyi başda Rövnəq Abdullayev olmaqla yığmanın hərtərəfli hazırlığı üçün lazımi şərait yaradıb. İndi hər şey idmançılarımızdan asılıdır”.
Bu sözləri Metbuat.az saytına açıqlamasında Olimpiya çempionu, çüdo üzrə yığma komandanın baş məşqçisinin köməkçisi Nazim Hüseynov bildirdi.
Olimpiya çempionu tatami ustalarımızın onlara bəslənilən ümidləri doğruldacaqlarına əmin olduğunu bildirdi: “Vətənimiz Azərbaycana dünyanın ən məşhur cüdoçuları gələcək. Bu mötəbər yarış doğma Bakıda keçirildiyi üçün məsuliyyətimiz daha da artır. Cüdo ölkəmizdə inkişaf etmiş idman növlərindən biridir. Dünyada tatami ustalarımızı ciddi rəqib kimi tanıyırlar. İnanırıq ki, idmançılarımız onlara bəslənilən ümidləri doğruldacaqlar”.
Leyla Qurbanova/Metbuat.az