Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə səsləndirdiyi fikirlər
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları pozmaq cəhdini
açıq şəkildə ifadə etdi.
Azərbaycan lideri bildirdi ki, Ermənistanın yeni baş nazirinin
fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar
verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: “Xüsusilə
“Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar
aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki,
Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın
işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ
Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da
Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli
bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan
tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə
danışıqlar prosesini
pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti
Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”.

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan
haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş
naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi
göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına
ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu
kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə
əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək
hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb
və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu
addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə
Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm
nəticələrin effektini azaltmağa çalışır. İnsan azadlıqlarının,
hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması,
Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu
kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi
dövründə ölkədə vəziyyət daha da gərginləşib, dipolmatik
məğlubiyyətlərin sayı isə durmadan artır.

Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların
təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə
pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin
qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura
üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi ytənəzzülün dərinləşməsi,
ölkədə vəziyyətin daha da pisləşməsi – Paşinyanın hakimiyyətdə
olduğu qısa müddəti əyani şəkildə göstərən edən faktorlardır.
Politoloq Fikrət Sadıqov Publika.az-a
açıqlamasında bildirib ki, Paşinyanın belə bəyanatları onun həm
təcrübəsizliyindən, həm də psixi vəziyyətinin normal olmamasından
qaynaqlanır.

“Paşinyan danışıqların ruhuna zidd bəyanatları ilə prosesi
dondurmaq istəyir. O, münaqişəni həll etmək istəmir. Müxtəlif
bəhanələr irəli sürür və başa düşür ki, bəhanələr danışıqların
davam etməsində problem yaradacaq. O, danışıqlara gedərsə,
Azərbaycanın prinsipial mövqeyi ilə qarşılaşacağını və özünün
zəifliyinin, savadsızlığının ortaya çıxacağını yaxşı bilir. Buna
görə də prosesi yayındırır. Lakin Paşinyan özünü belə aparırsa,
Azərbaycan nə edəcəyini bilir. Biz torpaqlarımızı heç kimə hədiyyə
verməmişik və ərazilərimiz azad olunacaq”, - deyə politoloq
bildirib.
F. Sadıqov ATƏT-in belə hallara biganə yanaşmamalı olduğunu
vurğulayıb. Qeyd edib ki, müvafiq təsir imkanlarından istifadə
edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son
qoyulmalıdır.
Publika.az