Rusiya 300 min əsgər və 36 min tankla hərəkətə
keçib.
Publika.az xəbər verir ki, “Şərq-2018” təlimi bu gündən
etibarən başlayıb.
Təlimlər 11-15 sentyabr tarixində keçiriləcək. Təlimdə 300 min
əsgər, 36 min tankla yanaşı, onlarla döyüş gəmisi də iştirak edir.
Bununla yanaşı, mindən çox döyüş təyyarəsi və helikopter də havaya
qalxıb.
Təlimlərdə Çin və Monqolustan da iştirak edir. Çin 3200 əsgər,
900-dən çox hərbi avtomobil və 30 təyyarə ilə təlimə qatılıb.
Monqolustan heyəti ilə bağlı isə heç bir açıqlama verilməyib.
Təlimlər 5 ordu poliqonu, 4 hərbi hava bazası, Yapon dənizi, Berinq
boğazı və Oxot dənizinin ətrafındakı bölgələri əhatə edəcək. Rusiya
prezidenti Vladimir Putinin də təlimlərin keçiriləcəyi yerə baş
çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya bu qədər geniş çaplı təlimləri 37 il öncə -
1981-ci ildə “soyuq müharibə” dövründə keçirib. “Qərb-81” adlanan
təlim 1981-ci ilin sentyabrında Belarus, Baltikyanı və Ukraynada
baş tutub. Təlimə SSRİ ordusu ilə bərabər, o zaman Lex Valensanın
rəhbərliyi ilə genişmiqyaslı aksiyaların keçirildiyi Polşa Xalq
Respublikasnın da ordusu qoşulub. Məhz bu təlimdən 3 ay sonra
Polşada hərbi vəziyyət tətbiq edildi. Nəticədə hökumətin
rəhbərliyinə müdafiə naziri Voytsex Yaruzelski gətirildi. İllər
sonra mətbuata açıqlama verən Yaruzelski məhz bunun sayəsində
1981-ci ildə SSRİ ordusunun Polşaya müdaxiləsinin qarşısını
aldığını bildirmişdi.
Lakin “Şərq-2018” təlimlərinə “Qərb-81” təlimindən daha çox canlı
qüvvə qatılıb. Rusiyanın bu təlimini şərh edən İngiltərə mediası
xəbəri “Putin müharibəyə hazırdır” manşeti ilə yayımlayıb.
Asif