Xoşbəxtlik nadir rast gəlinən duyğudur.

Mən dərindən nəfəs alıb, "xoşbəxtəm" deyən insana rast gəlmədim.

Oysa xoşbəxt olmaq insanın əbədi və əzəli arzusudur.

Xoşbəxtlik, özüylə bərabər onu itirmək qorxusunu da gətirir.

Xoşbəxtlik, həm də narahatlıqdır.

"Xoşbəxtəm" dediyimiz anlarda belə onu itirmək qorxusu hüzurumuzu pozur.

Biz xoşbəxt olmaq arzusuyla yox, xoşbəxt olmaq qorxusuyla yaşayırıq.

Qorxularımız, narahatlıqlarımız bizi xoşbəxt olmağa qoymur.

Və hər zaman mənə elə gəlir ki, biz insanlar xoşbəxtlkdən qorxuruq.

***

Xoşbəxtlik keçici bir hissdir.

Biz bütün günü, həftəni, ili xoşbəxt ola bilmərik.

Yəni ömür boyu xoşbəxt olmaq mümkün deyil.

Ona görə də xoşbəxtlik nisbidir.

Yaxşı bilirik ki, xoşbəxtlik heç vaxt sonsuza qədər davam etmir.

***

Xoşbəxtlik haqqında yüzlərlə kitab yazılıb və hər biri insana xoşbəxt olmağın yollarını göstərir.

Bəzən xoşbəxtlikdən yazan müəlliflər absurd, ağlabatmaz yollar təklif edir.

Bəzən, xoşbəxtliyi çox bəsit, sadə şeylərdə axtarırlar.

Xoşbəxtlik haqqında dərs keçmək, yol göstərmək mümkündürmü?

Yox!

Ulduzların kəşfində bilik önəmlidir, amma xoşbəxtliyin axtarışında əsla.

Xoşbəxtliyin konkret düsturu, konkret "yol xəritəsi" mövcud deyil.

Hər kəsin xoşbəxtlik anlayışı, xoşbəxtliyi axtarmaq forması fərqlidir.

Ona görə də xoşbəxtlik haqqında kitablara üz tutanları anlamıram.

Xoşbəxtlik axtarışında öyrənə biləcəyimiz xüsusi "reseptlər" varmı?

Məncə yoxdur.

İnsan, xoşbəxtliyi tam olaraq izah edə bilmədikcə, onu riyazi düstur kimi həll etmək də mümkün deyil.

Xoşbəxtlik izaholumazdır.

***

Həyat hər gün bizə dərs verir.

Biz yaxşı tələbə olsaq, nəticə çıxara bilərik.

Amma unutqanıq.

Bəzən nə zamansa xoşbəxt olduğumuzu unuduruq.

Unutduğumuz üçün xoşbəxtliyin təbiətini dərk edə bilmirik.

Elə hey xoşbəxtliyin arxasınca qaçırıq.

Xoşbəxtliyi onu itirmək qorxusuyla axtarırıq.

Bəlkə də xoşbəxtliyi axtarmağın özü ən böyük xoşbəxtlikdir?

Bilmirəm...

***

Bütün ömrümüz xoşbəxtliyi gözləməklə keçir.

Xoşbəxtliyi gözləyə-gözləyə zaman itiririk.

Çünki axıb getmək zamanın təbiətidir.

Vaxt gözləmir.

Biz isə, ümidlə xoşbəxt olacağımızı gözləyirik.

Özümüzü aldadırıq.

***

Fürsət tapıb xoşbəxt olun.

Fürsət gözləməyin.

Fürsətləri yaradın.

Gözəl xatirələrə gülümsəyin.

Məsələn, yataqdan qalxanda güzgüyə baxıb, öz əksinizə göz vurub gülümsəyin.

Xoşbəxtlik...

Onu axtarmayın.

O yoxdur...

Cəlil Cavanşir
Milli.Az