“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu, çəkisini daha da artırır, yeni uğurlara yol açır.
Bütün sahələrdə əldə edilən nailiyyətlər, gündən-günə genişlənən
beynəlxalq əlaqələr kifayət qədər önəmli hadisələrlə yadda qalır.
Bu mənada möhtərəm Prezidentimizin xarici ölkələrə, eyni zamanda,
xarici dövlət başçılarının ölkəmizə səfərlərini xüsusi vurğulamaq
lazımdır”.
Bu barədə Publika.az-a açıqlamasında YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
deyib.
Vüqar Rəhimzadə bildirib ki, son dövrlər bu cür qarşılıqlı səfərlər
ölkələr arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb
edir: “Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri,
Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya
səfərləri və əldə olunmuş razılaşmalar xarici siyasətimizin
dinamikliyinin, Azərbaycanın dünya birliyində yüksək nüfuza malik
ölkə olduğunun əyani sübutudur”.
Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinə toxunan “İki
sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu səfər ölkəmizin
Avropa üçün nə qədər önəm kəsb etdiyini, qarşılıqlı münasibətlərin
daha da inkişaf etdirilməsinə olan marağı, Azərbaycana verilən
yüksək qiyməti ortaya qoyur: “Bütün səfərlərdə milli və dövlətçilik
maraqları qorunmaqla ölkələr arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi istiqamətində sənədlər imzalanır. Bu səfərlər və
dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji
tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının
sayının artmasına xidmət edir. Təbii ki, bunlar ölkəmizin
beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının da
göstəricisidir”.
V.Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan Prezidentinin xarici
ölkələrə və eləcə də digər dövlətlərin başçılarının ölkəmizə
səfərləri respublikamızın dünya birliyinə sürətli inteqrasiyasının
göstəricisidir: “Azərbaycan son illər uğurlu layihələrə imza atıb
və bu layihələr çərçivəsində ölkəmiz beynəlxalq əməkdaşlığa mühüm
töhfələr verməkdədir. Azərbaycanın müəllifi olduğu qlobal layihələr
regiona və dünyaya sülh, təhlükəsizlik və inkişaf vəd edir.
Azərbaycan və xarici ölkə prezidentlərinin qarşılıqlı səfərləri
çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əldə olunan
razılaşmalar isə sülh və təhlükəsizliyi daha da möhkəmləndirir,
inkişafı sürətləndirir”.