“Məhərrəmlik ayında baş yarmaq, qan tökmək, insanları güclə məscidlərə gətirmək, əzadarlıq məclislərini ifrat dərəcəyə çatdırmaq doğru deyil”.

Bu sözləri Publika.az-a "Gileyli" məscidinin İcma sədri Mirhəmin Məmmədov deyib.

"Bizim məscidlərimizdə vətəndaşlara, müsəlman bacı-qardaşalara tövsiyələrimiz ondan ibarətdir ki, peyğəmbərə, onun əhli-beytinin xatirəsinə keçirilən məclislərdə qaydalara uyğun şəkildə iştirak edilsin.

Dinimiz insanları ifrat dərəcəli addımlardan çəkinməyə çağırır. Nəyə görə biz Məhərrəmlik ayını keçiririk? Əvvəlcə bunun əsas mahiyyətini din xadimləri insanlara başa salmalıdır. İnsanlar bu günün mahiyyətini tam dəqiqliyi ilə bilmirlər. Ona görə Məhərrəmlik ayını keçiririk ki, bu ayda biz İmam Hüseyn (s) şücaətini, qəhrəmanlığını, onun fədakarlığını, dini etiqadları, vətəni uğrunda mübarizəsini yaşatmaq istəyirik. Məhz buna görə Kərbəla hadisəsi hər il qeyd olunur. Yaxşı olar ki, o gün qan tökmək, cana zərər vurmaq əvəzinə, məscidlərdə İmam Hüseynin Kərbəladakı çıxışlarından, hədislərindən bəhs edən çıxışlara qulaq assınlar. O kəlamlara sidq ürəkdən qulaq asıb onların ruhlarını yad etsinlər. İnsanlıq üçün çox dəyərli kəlamları var imamımızın. Onun əqidəsi uğrunda övladlarını qurban verməsini qəlbdən duymaq lazımdır. Bütün bunları xatırlayıb, ağlamaq, ürəkdən bu müqəddəs hərəkata yas saxlamaq əzadarlıq məclislərində çox dəyərlidir, məqbul hesab olunandır. Lakin əksinə, bu günü özünün başqa əməlləri xətrinə korlayan insanlar və digərlərini də bu istiqamətə çəkməyə çalışanlar çox səhv yollardadırlar. Məsələn, kor-koranə davranışlar da məqbul sayılmır. Biri var İmam Hüseyn məclisində o hadisəni göz önündə canlandırmağa çalışaraq qəlb yandırıb, ağlamaq - bu məqbuldur. Çünki peyğəmbərimiz sağ olsaydı, övladlarının müsibətində, dininə qarşı törədilən bu addımlara dözə bilməz və qəhərlənərdi. Amma ilk növbədə bilməliyik ki, İmam Hüseyn ağlamasının, fəryadının əsas mahiyyətində nə dayanır. Sabah bütün insanlarımız da, gənclərimiz də bilsin ki, İmam Hüseyn hərəkatı müqəddəsdir. Biz işğal altında olan torpaqlarımızı azad etmək üçün İmam Hüseyn kimi fədakar olmalıyıq. Canımızdan, malımızdan, hətta övladlarımızdan keçməyi bacarmalıyıq. Sadəcə bütün bunları kənara qoyub, özünə xəsarət yetirən vətəndaşlarımızdan rica edərdik ki, bu davranışlara yol verməsinlər. Tövsiyəmiz budur ki, sevgilərini, sayqılarını daha doğru yollarla, dinimizin də məqbul bildiyi yollarla göstərsinlər”.

M.Məmmədov onu da əlavə etdi ki, yalnız özəl günlərdə deyil, bütün vaxtlarda insanların bir-birinə yardım etməsi, qanvermə aksiyalarına qoşulması dinimiz tərəfindən də buyurulub:

“Qanvermə aksiyası çox gözəl təşəbbüsdür. Dinimiz buyurur ki, əgər bir insanın qanı digərinə şəfa olacaqsa, o, öz qanını ona şəfa niyyətinə verməlidir. Düzdür, əksər hallarda bunu Məhərrəmlikdə, Aşura günündə edirlər. Amma istənilən zaman bu əməllər təqdirəlayiqdir və məqbuldur. Bu gün bizim Gileyli məscidində dinin qadağan etdiyi şəkildə heç bir mərasim keçirilmir. Biz yalnız maarifləndirici söhbətlərə yer veririk, insanların məscidlərə rahat gəlib ibadətlərini etməyə şərait yaradırıq. Əzadarlıq məclisdlərində də insanlardan bir neçə tövsiyəmiz olur ki, imkan daxilində məscidlərə öz xoşları ilə gəlsinlər, azyaşlı, körpə uşaqları gətirməsinlər, qoca insanları narahat şəkildə gətirməsinlər. Çünki, bir insan xəstədirsə, səhhətində problem varsa, o məclisə gələrək özünü yorması, narahat etməsi yaxşı deyildir. Azyaşlılar isə bu mərasimin mahiyyətini dərk etmədiyi üçün elə bir önəmi də olmur. Amma yenə də bu bir tövsiyədir, məscidlərimizin qapısı dini başa düşən bütün insanların üzünə açıqdır”.

Könül