Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də
Soçi görüşü və imzalanan sənədlər iki ölkə arasındakı
münasibətlərin inkişaf mərhələsində yeni səhifə açdı.
Publika.az xəbər verir ki, Rusiya ictimaiyyəti bu görüşü
olduqca yüksək qiymətləndirir. Rusiyalı deputatlar da Ermənistanla
münasibətlərin pisləşməsi fonunda Bakının Moskva üçün bölgədə daha
etibarlı tərəfdaş olduğunu hesab edirlər.
Rusiya Dövlət Dumasının dövlət tikintisi və qanunvericiliyi üzrə
komitə sədrinin birinci müavini, “Ədalətli Rusiya” fraksiyasının
üzvü Mixail Yemelyanov Bakı və Moskvanın əməkdaşlığının hazırda
olduqca möhkəm göründüyünü bildirib:

“Azərbaycan Rusiya ilə bağlı aydın pozitiv mövqe sərgiləyir, Qərbin
mövqeyinin əksinə olaraq, onu müxtəlif beynəlxalq meydançalarda
dəstəkləyir. Rusiya və Azərbaycanı birləşdirən digər məqam hər iki
ölkədə milli maraqları müdafiə edən güclü liderlərin olmasıdır.
Görünür, Azərbaycan və Rusiya daha da yaxın olacaqlar”.
Dumanın aqrar məsələlər komitəsinin üzvü, “Vahid Rusiya”
fraksiyasının deputatı Aleksey Yezubov da Rusiya və Azərbaycan
münasibətlərinin möhkəmləndiyinə diqqət çəkib.

“Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşıdır.
Bizim ölkələrimizi liderlərimizin dostluq və qardaşlıq
münasibətləri birləşdirir. Bu günlərdə Xəzərin hüquqi statusu ilə
bağlı Konvensiya uğurla imzalandı, “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizi və digər çoxsaylı layihələr üzərində iş
aparılır”, - deyə rusiyalı deputat bildirib.
A.Yezubov hesab edir ki, Azərbaycan və Rusiya liderləri Yaxın
Şərqdəki vəziyyətin çətinliyi fonunda iki ölkənin ümumi
təhlükəsizliyi üzərindən işləyir: “Fikrimcə, Soçi görüşündə
liderlər bu istiqamətdə də danışıqlar apardılar”.
Asif