“Azərbaycan daim türkdilli ölkələrlə əməkdaşlığa xüsusi diqqət ayırıb”.

Bu barədə Publika.az-a açıqlamasında Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin keçirilməsini şərh edən politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bu sammitdə iştirakı əhəmiyyətli məqamdır.

E. Mirzəbəyli qeyd edib ki, bu cür görüşlər türkdilli ölkələr arasında əməkdaşlığı və inteqrasiyanı gücləndirir.

“Sammitdə Türk dünyasının gələcəyi ilə bağlı konseptual baxış ortaya qoyulub, türkdilli ölkələrin inteqrasiyasına hesablanmış bir sıra mühüm sənəd imzalanıb. Bütün bu addımlar Türk birliyinin gücləndirilməsi üçün vacib amillərdir. Bu gün türkdilli dövlətlərin rəhbərləri arasında inteqrasiya, birlik və əməkdaşlıq üçün ciddi siyasi iradə mövcuddur”, - deyə o bildirib.

Politoloq Özbəkistanın da uzun zamandan sonra sammitdə iştirakına diqqət çəkib və bunun TDƏŞ-in perspektivləri baxımından əhəmiyyətli amil olduğunu vurğulayıb: “TDƏŞ-in VI Sammiti türkdilli dövlətlərin inteqrasiyası baxımından dönüş nöqtəsi hesab oluna bilər. Çünki hazırda bu birlik üçün əlverişli bir şəraitin olduğunu düşünürəm. Regionda baş verən proseslər də türkdilli dövlətlərin inteqrasiyasını labüd edir. Təbii ki, burada söhbət təkcə Azərbaycan-Türkiyə birliyindən getmir. Bu platformada assimilyasiya təhlükəsi qarşısında qalan Mərkəzi Asiya dövlətlərinin iştirakı da əhəmiyyətli yer tutur. Bu, ayrı-ayrılıqda hər bir dövlətin təhlükəsizliyi və sabitliyi baxımından mühüm faktordur”.

E.Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə türkdilli dövlətlərə Dağlıq Qarabağla bağlı çağırışının ciddi mesaj olduğunu vurğulayıb.

“Münaqişələrin həllində ərazi bütövlüyü amilinin başlıca şərt kimi Türk Şurasının bəyannaməsində də yer alması, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz olaraq azad edilməsinin vurğulanması təbii ki, arzuolunandır. Bu məsələdə türk dövlətlərinin vahid mövqeyi təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi baxımından deyil, həm də hüquqi president kimi mühüm əhəmiyyət daşıya bilər”, - deyə o bildirib.