Əli ibn Əbutalibin (ə) xəlifə olduğu zamanda Qədir-Xum bayramı cümə gününə təsadüf edir və İmam (ə) bu gündə ətraflı bir xütbə oxuyur ki, onunla tanış olaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) bu xütbəsində adəti üzrə Allahı həmd və sitayiş etdikdən sonra, buyurur: "Allah bu gündə iki böyük bayramı bir zamanda qərar vermişdir. İki bayram ki, hər birinin fəlsəfəsi o birisini təkmil edir.
Allahın tövhidi qəbul olmaz, məgər Peyğəmbərin (s) risalətinə etiraf edilməzsə.
Muhəmmədin (s) dini qəbul olunmaz, məgər o kəsin vilayətini qəbul etməklə ki, Allah əmr etmişdir. Bütün bu işlər sahmana düşməz, məgər Əhli-Beytə (ə) təvəssül ilə.
Allah, Qədir-Xum günündə seçdiyi üçün iradə etdiyini Peyğəmbərinə (s) nazil etdi. Ona əmr verdi ki, vilayəti və vəsini elan etsin.
Qədir-Xum gününün məqamı böyükdür. Həmin gündə Allahın hüccəti hamıya tamam olmuşdur. Bu gün dinin təkmilləşdiyi və əhdə vəfa günüdür.
Qədir-Xum günü - Peyğəmbərin (s) və mənim günümdür. Şeytanın zəlil olduğu və bürhan günüdür. Onu inkar edənlərin sıralarının ayrıldığı gündür.
Allah bəndələrinin imtahan və hidayət günüdür. Qəlblərdə olan kinlərin aşkar olduğu gündür. Qədir-Xum - Şəys peyğəmbərin, İdris, Yuşa və Şəmunun günüdür.
Allahın rəhməti sizə olsun, ey müsəlmanlar! Bu böyük cəmiyyətdən geri qayıtdıqdan sonra bayram edin. Bu əməlləri yerinə yetirərək, bu günü böyük tutun:
- Ailənizə neməti artırın (yəni, onlar üçün hədiyyə alın), yaxşılıq və bəxşiş edin.
- Allaha sizə verdiyi nemətlərə görə şükür edin.
- Bir-birinizin ətrafınızda toplaşın ki, Allah sizin cəmiyyəti görsün.
- Bir-birinizi təbrik edin.
- Xoş üzlə bir-birinizi qucaqlayın.
- Bir-birinizi görən zaman əl verin və təbrik edin".
Allah Təala bizləri Əli (ə) vilayətində qərar versin, inşəallah!
Milli.Az