Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev
Soçidə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gəldi. Olduqca
müsbət atmosferdə keçən görüşdə iki ölkə arasında müxtəlif
sferaları əhatə edən 15 sənəd imzalandı. Liderlər siyasi və
iqtisadi əməkdaşlığın yüksək olduğunu, bundan sonra əlaqələrin daha
da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da xüsusi
müzakirə olundu.
Rusiya prezidenti Vladimir Putin bundan sonra da münaqişənin nizama
salınmasında səylərini davam etdirəcəklərini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiyanın münaqişənin
həllində öz səylərini əsgirməyəcəyinə ümid etdiklərini bəyan
etdi.
Soçi görüşü Azərbaycan və Rusiya münasibətlərində yeni mərhələ də
hesab olunur. Xüsusilə Ermənistanda yeni hakimiyyətin Moskvaya diş
qıcaması fonunda ruslar üçün regionda ən etibarlı tərəfdaş
Azərbaycandır.
Publika.az xəbər verir ki, rusiyalı ekspertlər
Soçi görüşünün iki ölkə arasındakı münasibətlərdə böyük əhəmiyyət
daşıdığını vurğulayıb.
Rusiyalı ekspert Dmitri Verxoturov bildirib ki,
Rusiya və Azərbaycan liderlərinin danışıqlarında enerji
layihələrinə də xüsusi diqqət ayrılıb.

“Düşünürəm ki, danışıqlarda Transxəzər neft-qaz layihəsi müzakirə
olunub. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanandan
sonra bu layihə aktuallaşdı. Fikrimcə, Azərbaycan və Rusiya
neft-qaz layihələri ilə iki ölkə arasındakı əmtəə dövriyyəsini 10
milyard dollara qədər çatdıra bilər. Putin və Əliyev bu layihənin
hər iki ölkənin maraqlarına uyğun olmasına çalışacaq. Moskva
Xəzərdə özünün iştirakı olmayan layihələrə qarşı çıxırdı. İndi isə
Rusiya bu layihənin mümkünlüyü haqqında danışır”, - deyə o
bildirib.
Rusiyalı ekspert hesab edir ki, görüşdə Dağlıq Qarabağ məsələsinə
də xüsusi diqqət ayrılıb: “Hesab edirəm ki, Azərbaycan Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ən azı müşahidəçi
status alarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkan
yaradacaq”.
Rusiyalı politoloq Aleksey Fenenko hesab edir ki,
hazırda Azərbaycan üçün yaxşı şanslar yaranıb.

“Rusiya və Ermənistan arasında problemlər getdikcə artır.
Azərbaycan üçün bu vəziyyət sərfəlidir və Bakı bu vəziyyətdən
istifadə edərək, Dağlıq Qarabağ məsələsini həll edə bilər. Soçi
görüşündə liderlər şübhəsiz bu məsələni müzakirə ediblər. Hesab
edirəm ki, Soçi görüşü münaqişənin həlli üçün danışıqların
canlanması ilə nəticələnəcək”, - deyə o vurğulayıb.
Politoloq Aleksandr Karavayev isə deyib ki, Soçi
danışıqlar daha çox iqtisadi meyilləri ilə yadda qaldı: “Ölkələr
arasında 2024-cü ilə qədər iş planı imzalandı. Lakin Qarabağ
məsələsi daha çox qapalı qaldı. Prezidentlər danışıqların bütün
detallarını açmadılar. Lakin müəyyən ehtimallar irəli sürmək
mümkündür”.

Karavayev hesab edir ki, Ermənistanla Rusiya arasında problemlər
Bakının səsinin daha çox eşidilməsi ilə nəticələnəcək.
“Digər tərəfdən, Azərbaycan Ermənistanla müqayisədə Rusiya ilə
iqtisadi əməkdaşlığını artırır. Yəni Azərbaycan və Rusiya
münasibətlərinin perspektivləri ilə bağlı ciddi gözləntilər var,
lakin Rusiya-Ermənistan münasibətlərində bunu demək çətindir.
Rusiyanın Azərbaycana silah satışı da davam edəcək. Hazırda hərbi
sferada 5 milyard dollarlıq əməkdaşlıq var və bu daha da
böyüyəcək”, - deyə o bildirib.
Rusiyalı politoloqun fikrincə, Rusiya Qarabağ məsələsində balansı
dəyişəcək və Azərbaycana doğru mövqe sərgiləyəcək.
Asif