Daha əvvəl 7-12 yaş arası uşaqların sosial şəbəkədə spritli içki qəbul etməsi ilə bağlı yayılan videogörüntü barədə məlumat vermişdik. Bu görüntülər sosial şəbəkələrdə çox müzakirə olundu. Şəbəkə istifadəçiləri bu azyaşlıların cəmiyyətdə həmyaşıdlarına da pis örnək olduğunu dilə gətirərək tənqidi fikirlər bildiriblər.
Məsələ ilə bağlı Publika.az-a danışan Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Baxış bu halların yaranmasına valideyn məsuliyyətsizliyinin səbəb olduğunu deyib:
“Bu, birbaşa valideyn diqqətsizliyinin nəticəsidir. Bu yaşda uşaqlar ailə tərəfindən daha çox diqqət tələb edirlər. Bunu görə bilmədikləri zaman isə müxtəlif yollara əl atırlar. Hətta 6 yaşlı uşaqların sosial şəbəkələrdən istifadəsi də onlara o qədər müsbət təsir etmir. Təbii ki, alkoqollu içki içərək bunu videoya çəkmək və sosial şəbəkəyə yükləmək çox ciddi problemdən xəbər verir. Elə valideyn var ki, azyaşlı uşağını mağazaya spirtli içki almağa göndərir. Bu da kifayət etmir, süfrədə onun yanında spirtli içki qəbul edir və bu heç də doğru addım deyil. Valideynlər bu kimi səhvlərə yol verdiklərini etiraf etmək istəmirlər. Onlar düşünürlər ki, azyaşlı uşaqlar bunun fərqinə varmır, hələ tam başa düşmür. Amma bu çox ciddi səhvdir. Uşaqlar əksər hallarda valideynlərinin davranışlarını təbliğ edirlər”.
Psixoloq onu da qeyd edib ki, uşaqların gələcəyini düşünən valideynlər öz səhvlərini etiraf etməli və bu səhvi uşaqlarına uyğun dillə izah edib onun təkrarlanmamsı üçün əllərindən gələni etməlidirlər:
“Bizim cəmiyyətdə uşaqlara səhvlərini düzgün şəkildə izah edən çox az sayda ailə var. Uşaqları döyməklə, şiddət göstərməklə və təhqir etməklə onlara səhvlərini izah etmək omaz. Bununla heç bir nəticə əldə etmək olmaz və üstəlik bu, uşaqlarda psixoloji travma yarada bilər. Valideyn başa düşməlidir ki, bu, onun səhvidir. Ailəvi şəkildə uşaqlarını gəzməyə aparmalıdırlar. Onlarla söhbət aparmaqla bu fikirləri uşağın beynindən silmək lazımdır. Çünki bu problemin gələcəkdə uşaqların həyatı üçün çox ciddi təhlükə törədə biləcəyini nəzərə almaq lazımdır”
Könül