Paytaxtın Nizami rayonunda yaşayış binasının yağış sularının axıdılması üçün nəzərdə tutulmuş borusu yaxınlıqdakı ağacın üzərinə düşüb. Boru hər an səkidən keçən piyadaların, yaxud da avtomobillərin üzərinə aşa bilər. Sakinlərin iddialarına görə, boru təxminən 1 həftədir ki, bu vəziyyətddədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, binadan qoparaq ağacın üzərinə düşən bu boru əsl təhlükə mənbəyidir.

Görüntülər paytaxtın Nizami rayonu Kamil Balakişiyev küçəsi ilə Əli Vəliyev küçəsinin kəsişməsində yerləşən 3 saylı binadandır.

Yağış sularının axıdılması üçün nəzərdə tutulan və binaya bitişik boru yerindən qoparaq ağacın üzərinə düşüb. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, külək borunu hər an yerə sala bilər.

Ərazidən hər gün yüzlərlə insan və avtomobil keçir. Borunun ordan düşməsi vətəndaşların ciddi xəsarət almasına, yaxud da ağır qəzaya səbəb ola bilər. Çəkiliş apardığımız müddətdə əsən zəif küləyin belə həmin borunu tərpətdiyinin şahidi olduq.

Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirdilər ki, təhlükə ilə bağlı onlara heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq sözügedən əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.

Milli.Az