Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan
siyasi kataklizmlər dövrünə qədəm qoydu. Paşinyan siyasi Olimpə
çıxışının 100 günü münasibətilə mitinq təşkil edərək, bununla öz
gücünü göstərməyə çalışsa da, əslində mitinqə insanların məcburi
qaydada gətirildiyi faktı ortaya çıxdı.
Demokratiya imitasiyası
Misal üçün, erməni şərhçi Tevos Arşakyan Paşinyan hakimiyyətinin
keçmiş hökmdarın (Serj Sarkisyan) biabırçı təcrübəsini davam
etdirdiyini yazır.
Onun sözlərinə görə, Ermənistanda demokratiyalaşmanın eyforiyası
yaşanır: “Paşinyanın hakimiyyətə gəlişinin 100-cü gününə həsr
olunmuş mitinqinə insanlar məcburi gətirilmişdi. Bəzi məmurlar öz
tabeliyində işləyən işçiləri mitinqə qatılmağa məcbur etdilər. Son
vaxtlar o haqda da həyacanlı məlumatlar yayılır ki, Paşinyan
hakimiyyəti vətəndaş cəmiyyəti və mətbuatı inhisara almaq üçün
hərəkətə keçib. Faktiki olaraq, söz azadlığı boğulur. Biz keçmiş
hökmdarların idarəçiliyini açıq şəkildə hiss edirik”.

“Qraparak” qəzeti yazır ki, Ermənistanda Nikol Paşinyan hökuməti
dövlət qurumlarının əməkdaşlarına qarşı senzura tətbiq edir.
“Dövlət qurumlarının sosial şəbəkələrdə fəallıq nümayiş etdirən
əməkdaşları sərt şəkildə cəzalandırılır. Onları izləyirlər və
hökumətin, yaxud Paşinyanın əleyhinə xırda fikirlərə görə belə sərt
şəkildə cəzalandırırlar. Bu günlərdə maliyyə nazirinin
müavinlərindən biri öz tabeçiliyindəki şöbələrdən birinin rəhbərini
yanına dəvət edib. Həmin şəxs sosial şəbəkələrdə yeni hökuməti
tənqid edən şərhləri bəyənirmiş. Məlum olub ki, onun sosial
şəbəkəsi “yuxarılar” tərəfindən izlənilir. Nazir müavini şöbə
müdirini xəbərdarlıq edib ki, bu işə son qoysun, yoxsa onu işdən
qovacaqlar. Məlumatlara görə, yeni hökumət sosial şəbəkəni ciddi
şəkildə izləyir”, - deyə qəzet qeyd edir.
Ermənistan iqtisadi uçurumda və Paşinyanın iki çıxılmaz
yolu
Bununla yanaşı, Paşinyan vəd etdiyi kimi Ermənistan iqtisadi
uçurumdan çıxara bilmir. Ölkədə inflyasiya səviyyəsi son vaxtlar
yüksəlib, lakin Paşinyan Dağlıq Qarabağda işğala son qoyaraq,
Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq, beləliklə iqtisadi
uçurumdan çıxmaq istəmir. O, bu gün verdiyi açıqlamada iddia edir
ki, “iqtisadi blokadan çıxmaq üçün Azərbaycan və Türkiyə ilə
sərhədləri açmağa ehtiyac yoxdur, biz Gürcüstana və İran
sərhədindən istifadə edəcəyik”. Hərçənd, bunun yanlış olduğunu özü
də bilir. Çünki Ermənistanın Gürcüstanla istədiyi əməkdaşlığı etmək
üçün iki yolu var: birincisi, Rusiya ilə bütün əməkdaşlığı
kəsməlidir, çünki Saakaşvili dövründəki gərginlik azalsa da,
Gürcüstanla Rusiya arasında hələ də düşmənçilik var, Tbilisi
Ermənistanla Rusiya ittifaqlarında olduğu müddətdə məsafəli
davranacaq; ikincisi, Gürcüstan Azərbaycan və Türkiyə ilə
siyasi-iqtisadi-hərbi əməkdaşlığı fonunda Ermənistanı “xilas etmək”
üçün Bakı və Ankaranın istəyinin əleyhinə getməyəcək, daha dəqiq
desək, bunu edə bilməyəcək, hətta Vaşinqton belə ondan bunu istəsə;
çünki Gürcüstanın bu bölgədə iqtisadi, enerji və hərbi
təhlükəsizliyi məhz Azərbaycanla Türkiyədən asılıdır.

İrana gəlincə, bu, Ermənistan üçün çıxılmaz dalan deməkdir.
Paşinyanı hakimiyyətə ABŞ gətirdi və Vaşinqton İranla müharibəyə
hazırlaşdığı bir vaxtda Ermənistanın bu ölkə ilə iqtisadi
əməkdaşlığına icazə verməyəcək. Burada Tehranın da düşünməli olduğu
bir məsələ var: Paşinyan məhz Ermənistandan İrana hücum platforması
kimi istifadə etmək üçün hakimiyyətə gətirilib.
Rusların qəzəbi

Ermənistanın Rusiya ilə qarşıdurmasının dərinləşməsi də Paşinyanı
çətin vəziyyətə salıb. 1 mart hadisələri ilə bağlı cinayət işinin
açılması, Robert Koçaryan və Yuri Xaçaturovun məsuliyyətə cəlb
edilməsinə cəhdlər Moskvanın qəzəbini kükrətdi. Doğrudur, Koçaryan
həbsdən buraxıldı, Xaçaturovun Moskvaya qayıdışına icazə verildi,
lakin artıq ox yaydan çıxıb və ruslar Ermənistanı yenidən nəzarətə
götürmək üçün Paşinyanın əleyhinə planlar həyata keçirəcək.
Koçaryan-Sarkisyan faktoru

Burada Koçaryan-Sarkisyan faktoru mühüm amildir. Bu ikili son
vaxtlar qarşı-qarşıya gəlsə də, birinin devrilməsi, o birinin həbsə
atılması onları yenidən yaxınlaşdırdı. Ermənistan mediası yazır ki,
Koçaryan yenidən siyasətə gəlmək üçün hərəkətə keçib. Məlumatlara
görə, Sarkisyan Paşinyanın devrilməsi üçün Qarabağdan, Koçaryan isə
İrəvandan hərəkətə keçəcək. Onların tərəfdarları da kifayət
qədərdir. Misal üçün, “Qraparak” qəzeti Koçaryanın ofisinin
qarşısında 4 saatlıq növbənin yarandığını yazır.
“Keçmiş vəzifəli şəxslər, hərbi qulluqçular, hətta alimlər
Koçaryana pənah aparır”, - deyə qəzet yazır.
Paşinyan çıxılmaz vəziyyətdə
Politoloq Fikrət Sadıqov deyir ki, Paşinyan zamanında verdiyi
vədlərə əməl etmir və hazırki idarəçiliklə heç Qərb ölkələri də
Ermənistanı normal hökumət kimi qəbul etmir: “Xanım Merkel Bakı
səfərində də qeyd etdi ki, Ermənistanda hakimiyyətə “yeni hökumət”
gəlib və onlar da yaxın zamanda addım atacaqlar. Ermənistanda 2 gün
qalmaqla Merkel də başa düşüb ki, orada konkret, prinsipial mövqe
yoxdur ki, daxili və ya xarici siyasətdən söhbət getsin. Hələlik
konseptual bir idarəçilik xəritəsi yoxdur. Paşinyanın Qərbə doğru
hər addımı rəsmi Moskvanı bir o qədər qıcıqlandıracaq və o, Rusiya
ilə bağlı bəzi məqamları unudur. Paşinyan yaddan çıxarıb ki,
Ermənistanın iqtisadiyyatı, nəqliyyat sistemi və bütünlükdə bir çox
sahələrin inkişafı birbaşa Rusiya ilə bağlıdır. Xüsusilə hərbi
sahədə Rusiyanın dəstəyini unutması ona heç də müsbət gələcək vəd
etmir. Belə bir şəraitdə “azad”, “sərbəst” görünərək, özünü baş
nazir adlandırması, xalqın taleyinin yaxşılaşdırmaq istiqamətində
qərarlar qəbul etməsi və əhalini meydanlara toplayaraq, onların
rəyini alması gülüncdür. Konkret addımlar yoxdur. Kimisə həbs edir,
daha sonra azad edir. Bu da onu göstərir ki, onun ölkə daxilində
belə hər hansı proseslərə təzyiq göstərməyə gücü çatmır”.

Politoloq Natiq Miri də Paşinyanın çətin vəziyyətdə olduğunu qeyd
edir.
“Paşinyanın maliyyə problemləri ilə yanaşı, oturuşmamış idarəetmə
sistemi də var. O, yeni parlament seçkilərini keçirmək, Sarkisyanın
partiyasının parlamentdəki üstünlüyünü əlindən almaq və yeni
konstitusiya qəbul etmək istəyir. Lakin bu olduqca çətin görünür.
Hesab edirəm ki, Paşinyan bu məsələləri həll edə bilməsə, devrilmə
təhlükəsi həmişə mövcud olacaq. Bu baxımdan, o iynə üstündə
oturub”, - deyə politoloq qeyd edib.
Publika.az