Qusar rayonunda sahibkarlıqla məşğul olan Mübariz Verdixanov Daxili İşlər Nazirliyinə göndərdiyi təşəkkür məktubunda özünə məxsus mağazada baş vermiş yanğının söndürülməsində fəallıq göstərən rayon ərazisində xidmət edən Mühafizə Polisinin əməkdaşlarına dərin minnətdarlığını bildirib.
Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsinin manqa komandiri baş serjant Rafik Mərdanov və bölmənin əməkdaşları - polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov həmin gün baş verən hadisəni belə xatırlayır:
- İyulun 23-ü növbədə idik. Gecə saatlarında bölməyə mağazaların birində yanğın baş verməsi barədə siqnal daxil oldu. Manqa komandiri Rafik Mərdanov dərhal yanğınsöndürmə xidmətinə məlumat verdi, Muxtar Əhmədov və Rəşid Rəşidov isə tez hadisənin baş verdiyi mağazaya getdilər. Saat təxminən 4 olardı və elektrik naqillərinin qısaqapanması nəticəsində mağazada baş verən yanğın getdikcə genişlənir, obyekt içərisində avadanlıqlar və ərzaqlar yanırdı. Həmin vaxt biz əldə olan yanğınsöndürmə balonları ilə alovla mübarizəyə başladıq. Çünki bunu etməsəydik, yangının miqyası böyüyər, qonşu tikililərə də keçə bilərdi. Alovu söndürməyə müvəffəq olduq.
Sahibkara etdikləri köməyi özlərinə vəzifə borcu hesab edən cəsur polislər deyirlər ki, sakinlər onlara güvənirlər və bilirlər ki, hər hansı bir hadisə baş versə, polis dərhal bunun qarşısını alacaq.
Qeyd edək ki, Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsinin manqa komandiri baş serjant Rafik Mərdanov və bölmənin əməkdaşları - polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov artıq bir neçə ildir ki, mühafizə polisində xidmət edirlər.
Pünhan Mirzə
Milli.Az