Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdə çıxış edən Şura sədri, deputat Azay Quliyev memorandumu Türkiyənin ən mühüm qurumlarından biri olan TİKA ilə vətəndaş cəmiyyəti sahəsində işbirliyini inkişaf etdirəcək xoşniyyətli, hər iki ölkənin milli maraqlarını nəzərə alan sənəd adlandırıb. Bir müddət öncə Şuranın TİKA ilə birgə əməkdaşlığının nəticəsi olaraq Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açıldığını deyən A.Quliyev bu sənədlə iki qurum arasındakı münasibətlərin bundan sonra hüquqi xarakter alacağını və fəaliyyətlərin koordinasiya ediləcəyini vurğulayıb.
A.Quliyev memorandumun Şuranın Türkiyənin dövlət qurumu ilə imzaladığı ilk sənəd olduğunu bildirib, onun vətəndaş cəmiyyətinin inkişafına önəmli töhfələr verəcəyinə əmin olduğunu deyib. Şuranın və TİKA-nın xarici ölkələrdə müxtəlif istiqamətlər üzrə mühüm layihələrə dəstək verdiyini bildirən Azay Quliyev hər iki qurumun bugünkü anlaşma ilə imkanlarını daha da artıracağını qeyd edib.
Mərasimin Türkiyənin Çanaqqala savaşındakı qələbəsinin 100-cü ildönümünə təsadüf etdiyini bildirən Şura sədri Azərbaycanın və bütün türk dünyasının buna böyük önəm verdiyini qeyd edib. Türk millətinin Çanaqqalada zəfəri qanı, canı bahasına qazandığını bildirən sədr bəzi qurumların uydurma erməni soyqırımını tanımasını pisləyib.
TİKA-nın Bakı proqram koordinatoru Mustafa Haşim Polat bildirib ki, Türkiyəni soyqırımı törətməkdə günahlandıranlar türk tarixinə müraciət etməlidirlər. Türkiyə tərəfinin hətta Birinci Dünya müharibəsi zamanı ona qarşı vuruşan düşmən əsgərlərlə belə qeyri-insani rəftar etmədiyini bildirən Mustafa Haşim Polat ölkəsinin zəngin sülh, barış mədəniyyətinə sahib olduğunu qeyd edib. Hazırkı dövrdə yalnız dövlətlərin deyil, xalqların da üzərinə böyük məsuliyyət düşdüyünü deyən koordinator bu missiyanı QHT-lərin yerinə yetirməli olduğunu bildirib. M.Haşim Polat Şura ilə imzalanan sənədin bir sıra mühüm sahələrdə əməkdaşlığın inkişafına səbəb olacağına əminliyini ifadə edib.
Tədbirdə yaxın zamanlarda sənəddəki müddəaların icrası ilə bağlı birgə işçi qrupun yaradılmasına dair razılıq da əldə edilib.