"Tonqal" restoranındakı zəhərlənməyə görə cinayət işi başlanılıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq birgə açıqlama yayıb.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən "Tonqal" restoranında aparılmış müvafiq epidemioloji araşdırmalarla bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verildiyi müəyyən olunub və müayinə aparılması məqsədi ilə ayrı-ayrı qida məhsullarından nümunələr götürülüb.

Milli.Az tvreal.az-a istinadən bildirir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Sözügedən restoranın sahibi İlham Qasımov REAL-a müsahibəsində iaşə obyektində tövsiyə və xəbərdarliqlara uyğun işlərin aparildiğini dedi: "Biz də öz tərəfimizdən tədarükçülər üzündən belə hadisələrin baş verməməsi üçün tədbirlərə başlamışıq. Yaranmış fasilədən istifadə edərək, yeni və daha etibarlı tədarükçülərin tapılması istiqamətində işlər görürük.  "Tonqal" restoranı Bakının, eləcə də Azərbaycanın ən tanınmış iaşə obyektlərindən biridir. Bura həm yerli sakinlər, həm də xarisi turistlərin rəqğbətini qazanmış restorandır. Təbii ki, ət tədarükçüsünün səhvi üzündən baş vermiş hadisə bizi təəssüfləndirməyə bilməz. Bizə tapşırıqlar verilmişdi və biz onların hamısını icra etmişik. Bu gün ərizə ilə Qida Təhlükəsizliyinə müraciət etmişəm. Bildirildi ki, bazar ertəsi ərizəyə baxılacaq və fəaliyyətimizin bərpasına icazə veriləcək".

Qeyd edək ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən "Tonqal" restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdiriliblər. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub. Qida Təhlükəsizliyi Agentliyi adiçəkilən iaşə obyekti ilə bağlı yoxlamalara başlayıb. Restoranın fəaliyyəti bir həftə müddətinə məhdudlaşdırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Zəhərlənmənin baş verdiyi "Tonqal"da son vəziyyət