[ 22 Aprel 2015 17:56 ]



Bakı - APA. “2014-2015 tədris ilində Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi Fənn Olimpiadasının nəticələri Avropa Azərbaycan Məktəbinin uğurları silsiləsinə yeni bir uğur da əlavə etdi”.

 

Məktəbdən APA-ya verilən məlumata görə, bu rəqabətli bilik yarışı gənclərin zəngin və çoxşaxəli biliyinin, vətənpərvərliyinin, müxtəlif ictimai işlər və sosial həyatda yetişməsinin göstəricisi və sübutudur.  Respublika Fənn Olimpiadasının final mərhələsinin qalibləri XI sinif şagirdləri Məmmədova Günay və Muradov Fərid Tarix fənni üzrə I yerə, XI sinif şagirdi Quliyeva Əsmər isə Azərbaycan dili fənni üzrə III yerə layiq görülüblər.

 

Qeyd olunub ki, belə yarışlar fənləri daha dərindən mənimsəməyə stimullaşdırır, məktəblilər arasında sağlam rəqabət yaradır. Eyni zamanda olimpiadalar və ümumilikdə, bilik yarışları tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edir.

 

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

 

Avropa Azərbaycan Məktəbi həmçinin, Beynəlxalq Bakalavriat Təşkilatına bu qurumun İbtidai Təhsil (PYP) və Diplom proqramları üzrə təhsil vermək üçün namizəd məktəbdir.