Bakı, 22 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar Binəqədi, Nəsimi və Yasamal rayonlarında keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbullar saat 10.00–da başlanıb və vətəndaşların müraciəti bitənədək davam edib. Binəqədi və Yasamal rayonları üzrə 7, Nəsimi rayonu üzrə isə 10 müraciət dinlənilib.
Əsas müraciətlər birinci sinfə qəbul sistemi, mühafizə sisteminin təşkili, yeni korpusların tikilməsi və məktəblərin təmir edilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin nümayəndələri tərəfindən diqqətlə dinlənilib və idarənin struktur bölmələrinin üzvlərinə müvafiq tapşırıqlar verilib.