[ 22 Aprel 2015 16:11 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkiyəyə bərpa-müalicə kursunu  göndərilən 28 nəfərdən ibarət əlilliyi olan şəxs 20 günlük müalicəni başa vuraraq Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzindən bu gün artıq vətənə dönüblər.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əlilliyi olan insanlar qardaş Türkiyədə onlara göstərilən reabilitasiya xidmətindən razılıqlarını bildiriblər.

 

Qeyd edək ki, Türkiyənin Dənizli bölgəsi müalicəvi təbii potensialı, o cümlədən müalicəvi palçıq sahələri, mineral bulaqları, şəfalı havası və suyu ilə tanınan sanator-kurort məkanıdır. Burada yerləşən Nobel Tibb Mərkəzində təbii müalicəvi resurslardan geniş istifadə edilməklə, peşəkar həkim-reabilitoloq personalı tərəfindən səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. Azərbaycandan gələn əlilliyi olan şəxslər mərkəzdəki 5 ulduz oteldə yerləşdirilib, onlara lazımi reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, əlilliyi olan şəxslərin bərpa müalicəsinə nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün ƏƏSMN-nin bir nəfər həkimi də Türkiyəyə ezam edilib.