Rusiyanın İrana S-300 raketləri satması Avropada dərin narazılıq və narahatlıq yaratsa da, ABŞ Moskvanın bu addımına soyuqqanlı yanaşmağa üstünlük verir, Kremlin və Tehranın raket sistemini dağıtmaq gücündə olduğunu bəyan edir.

ANS PRESS-in məlumatına görə, ABŞ Prezidenti Barak Obama İrana S-300 raket sisteminin verilməsi ilə bağlı maraqlı açıqlama verib: "Rusiya Tehrana S-300 yer-hava tipli sistemləri göndərsə belə, lazım gələrsə, ABŞ silahları İranın müdafiəsini yarmaq gücündədir. Biz Rusiyanın İrana raket satmaq planlarına etirazımızı bildiririk."

Təbii ki, B.Obamanın “hava müdafiə sistemləri əldə etsələr belə, lazım gəlsə, onlara yara bilərik” fikrini ifadə etməsi, ABŞ-ın yeni silahlara sahib olmasına işarədir. Ağ Ev rəhbərinin bu açıqlaması Rusiyanı və İranı düşündürməyə vadar edir. Çünki ABŞ tərəfi İranın nüvə silahı əldə etməsi istəyinin qarşısını almaq üçün diplomatik danışıqlar alınmazsa, mümkün hərbi addımları istisna etmir.

Ekspertlərin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin İrana S-300 havadan müdafiə sisteminin göndərilməsinə 5 illik qadağanı aradan götürmək barədə qərarı "Altılıq"la İran arasında aparılan nüvə danışıqlarında Tehranın mövqeyini daha da möhkəmləndirəcək.

Mənbə
ANS PRESS