Donald Trampın son tiviti ilə ABŞ-Türkiyə arasında
qarşıdurma pik həddinə çatdı. ABŞ prezidenti Türkiyədən alınan
alüminium və poladın gömrük rüsumlarını artırdığını elan etdi,
bundan sonra türk lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə
başladı. Bu qarşıdurmanın kökləri və Türkiyənin ABŞ hücumları
qarşısında duruş gətirə biləcəyi ilə bağlı müəyyən suallar
var.
Politoloq Arzu Nağıyev Publika.az-a açıqlamasında
Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Brunsonun FETÖ lideri
Gülənlə dəyişdirilməsi planının olduğunu, lakin bunun istənilən
nəticə vermədiyini bildirib.
Onun sözlərinə görə, Brunson böhranı məsələnin görünən tərəfidir:
“Lakin son dövrlər Türkiyənin Rusiya ilə daha da yaxınlaşması,
Rusiyadan S-400 raketlərini almaq istəyi ABŞ-ı qıcıqlandırır.
Suriyada, İraqda və digər ərazilərdə Türkiyəyə NATO üzvü kimi
münasibət göstərildi, lakin iqtisadi məsələdə bunun əksi baş verdi.
Türkiyədən alınan alüminium və poladın gömrük rüsumunun artırılması
türk lirəsinin dəyərinin azalmasına səbəb oldu”.
A. Nağıyev qeyd edib ki, türk lirəsinin dollar qarşısında kritik
nöqtəsi 5,5 idi.
“Yəni, 1 dollar 5,5 lirə olması qırmızı xətt idi. Artıq bu xətt
keçilib. Problemlər əsasən kreditlərlə həyata keçirilən böyük
infrastruktur layihələrində yaranır. Türkiyə iqtisadiyyatına zərər
dəyir, lakin fikrimcə, hər bir dövlətin öz iqtisadi problemlərini
aradan qaldırmaq üçün planları var. Türkiyənin bu problemi aradan
qaldıracağını düşünürəm. Hesab edirəm ki, Vaşinqton və Ankara sonda
ortaq məxrəcə gələ biləcəklər və Türkiyənin milli valyutasının
dəyərdən düşməsinin qarşısı alınacaq”, - deyə o bildirib.
Asif