Həzrət Peyğəmbər (s) və 12  İmamın (s) günah və xətadan uzaq İlahi məsum olmaları, o cümlədən, məsum  İmam (rəhbər) olmaları həm əqli həm də nəqli yollarla sübuta yetmişdir.

Həm nəqli və həm də əqli dəlillərdən biri də bu dəlildir: "(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) "Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm", - dedi.

(İbrahim isə:) "Nəslimdən necə?" - deyə soruşdu.

(Allah onun cavabında:) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar", - buyurdu". ("Bəqərə" 124).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ayədən göründüyü kimi, zalımlar - yəni günahkarlar, özlərinə zülm edənlər Həzrət İbrahimin (ə) nəslindən olmalarına baxmayaraq, İlahi rəhbər, İmam olmayacaqlar. Yəni, əgər bir şəxs Həzrət İbrahimin (ə) nəslindəndir, amma günahakar adamdırsa, o, heç zaman İlahi rəhbər olmayacaq.

Beləliklə, əgər bir şəxs Həzrət İbrahimin (ə) nəslindəndirsə, yalnız o zaman İlahi rəhbər, İmam ola bilər ki, günah etməsin.

Allah qatında ümmətin Özü tərəfindən seçilmiş imamı - heç bir vəchlə zalım olmamalıdır. Günah eləmək - yəni özünə zülm etmək deməkdir.

Bunun da dəlili bu ayədir: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". ("Ali-İmran" 135).

Ayədən göründüyü kimi, günah etmək - özünə zülm etmək sayılır.

Özünə zülm edən insan - zalımlardan olur.

Nəzərə alsaq ki, əziz Peyğəmbərimiz (s) də Həzrət İbrahimin (ə) nəslindəndir və o, İlahi Elçi olmaqla yanaşı, həm də ümmətin İmamı olub - buradan çıxan dəlil budur ki, Peyğəmbər (s) özünə zülm edənlərdən, yəni günah əhli olanlardan ola bilməz. O, mütləq məsum olmalıdır. Çünki Allah Təala Həzrət İbrahimə (ə) buyurmuşdur ki, Sənin nəslindən olan zalımlar (günahkarlar) Mənim əhdimə (İmamlıq vəzifəsinə) nail olmazlar.

Ayədən göründüyü kimi, Allah tərəfindən seçilmiş İmam zalım - yəni günah əhli ola bilməz, günahsız və məsum olmalıdır. Deməli, Peyğəmbərimiz (s) də Həzrət İbrahimin (ə) nəslindən olaraq, heç bir halda zalım, günahkar ola bilməz, mütləq məsum olmalıdır.

Çünki, Allah qatında seçilmiş İmam zalımlardan ola bilməz və bunun əksi olaraq, məsum olmalıdır. Peyğəmbərimiz (s) imamlığa, rəhbərliyə Allah tərəfindən seçilmiş olması səbəbindən, məsum olması isbat olunur.

Bunu müqəddəs "Bəqərə" surəsinin 124-cü ayəsi deyir.

Bu mövzu, həmin məntiqlə 12 İmama (ə) da birmənalı aid edilir. Onlar da Həzrət İbrahimin (ə) nəslindəndirlər və İmamdırlar. Peyğəmbərimiz (s) tərəfindən ümmətə İmam olaraq təqdim olunublar. Deməli, onlar da mütləq məsumdurlar, günah edə bilməzlər.

Müvəffəqiyyət Allahdandır.

Milli.Az