Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, nurani bir mənəvi günləri - Zilqədə ayının əyyamını yaşayırıq. Möminlər, iman əhli üçün, düzəlmək istəyənlər, tövbəkar olmaq istəyənlər üçün gözəl bir fürsət, fəsildir.

Ayətullah Cavadi Amuli cənabları buyurur ki, insanın zaman-zaman özünü islahı üçün mənəvi ərbəinlər saxlamağı, qırxgünlük islah proqramına riayət etməsi tövsiyə edilir. Bu qırxgünlükdə insanın həyatında müəyyən mənəvi proseslər gedir. Bəzi şeylərin hasil olması, bəzi şeylərin müalicəsi üçün, bəzi şeylərin inkişafı üçün görünür ki, bəlli bir vaxta ehtiyac var.

Allah bu qırxgünlərə xüsusi bərəkət verib. Bu qırxgünlüyün əsas hədəfi - Allahın razılığını qazanmaq olmalıdır. Bütün qalan mövzular - təfərrüatdır. Mühüm odur ki, hər birimizin yekun durumu bununla ölçüləcək ki, biz bu dünyanı hansı halda tərk edəcəyik.

Yaşadığımız Zilqədə ayının birindən Zilhiccənin onuna qədər olan müddətin böyük əhəmiyyəti var. Hətta insana tövsiyə olunan qırxgünlük proqramlar baxımından mənəvi bahar kimi dəyərləndirilir. İmkan var ki, bu qırxgünlükdə düzələk, bərpa olunaq.

Allahın bəyəndiyi ən gözəl əməl - hədiyyə vermək

Bəzi şeylər var ki, insanın əqidəsində, etiqadında, dünyagörüşündə baş verməlidir. Misal üçün, birmənalı mövzulardan biri budur ki, bizlər gərək öz dünyagörüşümüzü vaxtaşırı təftiş edək. O ki, ixlas deyirik, yalnız Allah üçün deyirik - həmin o tövhidi ruhiyyəmizi təftiş etməliyik. Namazı niyə qılmağımızı, orucu niyə tutmağımızı, cürbəcür ibadətləri nə üçün etdiyimizi düşünməliyik.

Bunların hamısı onun üçündür ki, insan qəflətə düşməsin, növbətçi xarakterli işlər görməsin.

Bəzi əməllər də var ki, bunlar praktik səciyyəlidir. Bu əməllər zahirən məişət xarakterli, adi münasibətlərə xas səciyyə daşımasına baxmayaraq, içərisində çox böyük yük, quruculuq yükü daşıyır. Onlardan da biri - insanlar arasında möbcud olan ənənə - bir-birilərinə hədiyyə etməkdir.

İnsanlararası münasibətlər, davranışlar öz-özünə düzəlmir, inkişaf etmir. Xüsusilə möminlər arasında münasibət çox həssasdır. Çünki, şeytan (lən) heç zaman boş dayanmır və təbii ki, möminlərarası münasibətə xələl gətirməyə çalışır. Şeytan (lən) iki fasiq insanın münasibətindən bir o qədər narahat deyil. Onlar bir-biriləri ilə nə qədər sıx münasibətdə olsalar, fəsad və fisq orada daha çox inkişaf edəcək. Əgər onların ayrılıqda fəsad potensialı bəlli ölçüdədirsə, iki nəfər birlikdə olanda bir xeyli həcmdə də artır.

Amma iki mömin Allaha xatir ünsiyyət qurmaq istəsə, Allahın razılığını qazanmaq üçün birlikdə olmaq istəsə, şeytan (lən) bundan narahat olar.

Əgər iki möminin münasibəti dünyaya görədirsə, dünya bitən kimi, bu münasibət də bitər. Amma dinimiz bizlərə tövsiyə edir ki, bizlər münasibətlərimizi Allaha xatir quraq. Bir işi Allah üçün quranda, bərəkəti də böyük olur və daimi olur.

Bu münasibətləri qurduqdan sonra da onu gücləndirən amillər var. Bu amillərdən biri də möminlərin bir-birilərinə hədiyyə etmələridir.

Hədiyyə deyildikdə, nələr nəzərdə tutulur?

Hədiyyə deyildikdə, yalnız bir maddi məsələlər və yaxud hansısa böyük məsələlər nəzərdə tutulmamalıdır. Hədiyyənin həm maddi, həm qeyri-maddi forması var. Bəzən bir təbəssüm - ən böyük hədiyyədir. Bəzən bir möminin digər möminlə maraqlanması, halını soruşması - ən böyük hədiyyədir. İnsanlararası münasibətlərdə ən qədim ənənələrdən biri - məhz hədiyyə etməkdir. İnancımızda da hədiyyə etməyin həm ədəbi, həm fəlsəfəsi geniş şəkildə açıqlanır.

Bir insan digər bir insana hədiyyə verəndə, həm alarkən bəlli bir proseslər gedir, həm hədiyyə verəndə bir proseslər baş verir. Hədiyyəni verərkən artıq verən şəxsin özündə bir pozitiv ruhiyyə yaranır.

Söhbət manipulyasiya üçün, bir şeyə təsir etmək üçün həyata keçirilən əməldən deyil, məhz səmimi şəkildə hədiyyə verməkdən gedir. İnsanın ruhiyyəsini, şəxsiyyətini öyrənən elm də deyir ki, hədiyyə verərkən və alarkən insanda bəlli bir yüksəliş, pozitiv inkişaf gedir. Hədiyyəni verən kəs alan şəxsdə həmin sevinci görərkən, onun özündə bəlli bir yüksəliş gedir. İnsanda pozitivlik yaranır, streslərin aradan getməsinə səbəb olur, aramlıq yaradır.

Hədiyyə məhəbbət gətirər

Həzrət Peyğəmbər (s) buyurur: "Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür". Hədiyyə verməyin üç mühüm təsiri barədə əziz Peyğəmbərimiz (s) bizləri xəbərdar edir. Hədiyyə vermək həm məhəbbət yaradıcıdır, həm qardaşlığı diri saxlayır, həm də kin-küdurəti aradan qaldırır. Biri-birinizə hədiyyə verin ki, bir-birinizə məhəbbətiniz olsun.

Hədiyyə vermək istəyi - insanın pak fitrətində qoyulmuş mövzulardandır. Balaca, fitrəti saf uşaqlara diqqət etsək, görərik ki, nəsə çəkib və ya düzəldib valideynlərinə, nənə-babalarına hədiyyə etməyi xoşlayırlar. Bu, bir daha onu göstərir ki, hədiyyə etmək insanın fitrətində qoyulmuş mövzulardandır.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim səfərdən qayıdır - yaxşıdır ki, özü ilə hədiyyə gətirsin. Hətta əgər öz kisəsinə bir daş da atsa belə".

Təəssüflər olsun ki, dinimizin hədiyyə ilə bağlı bu qədər mövzusu olduğu təqdirdə, hədiyyəni də sekulyar dünya bizdən alıb və bizdən yaxşı istifadə edir, hədiyyə mövzusunda da bizdən qabaqdadırlar. Sanki, hədiyyə vermək kultunun mənəvi və ruhani halını çıxardıblar, amma zahiri bütün imtiyazlarını ən ali şəkildə istifadə edirlər. Bu bəhslərə diqqət edəndə görünür ki, bizim bəzi ürfi ənənələrimiz dindən nə qədər uzaqdır. Bir kişinin öz xanımına gül almağı bəzən ayıb hesab edirlər. Bir kişinin səfərdən gələrkən ailəsi üçün bir gül, ya bir nəsə gözəl bir hədiyyə gətirməsindən daha üstün nə ola bilər ki? Bizim bəzi adətlərimizdə, ənənələrimizdə olan - quruluğa, soyuqluğa gətirib çıxardacaq qədər nəsnələrin dinimizlə heç bir uyğunluğu yoxdur.

Yerində verilən hədiyyə sədəqədən üstün sayılır

Həzrət Əli (ə) buyurur: "Mənim üçün müsəlman qardaşıma onun işinə yarayan bir hədiyyə vermək, həmin şeyin mislində sədəqə verməkdən daha xoşdur". Əgər bir kəsin sədəqə vermək imkanı varsa, həmin o miqdarda bir möminin ehtiyacı ödənə biləcək hədiyyə verə bilər. Həzrət Əli (ə) buyurur ki, bu cür hədiyyə vermək, sədəqə verməkdən daha üstündür. Bu mənada hədiyyənin çox böyük əhəmiyyəti var.

Sözsüz ki, hədiyyə dedikdə, yalnız maddi və pulla bağlı bir kontekst başa düşülməməlidir. İslamın nəzərində hədiyyənin müxtəlif forması var. İnancımıza görə, ən böyük hədiyyələrdən biri - güzəşt etməkdir. Bir insanın digər insanı xətrinə dəyibsə, haqqına giribsə, haqqı basılanın güzəşt etməsi - ona ən böyük hədiyyə verməsidir.

Təbii ki, buradasöhbət  şəxsi mövzulardan gedir. Dinimiz şəxsi mövzularda güzəştli davranışa üstünlük verirsə, ictimai məsələlərdə prinsipial olmağı tövsiyə edir. Təəssüflər olsun ki, biz şəxsi, məişət mövzulu məsələlərdə güzəşt etməməkdə israr edirik, amma prinsipial mövzular olanda güzəştli davranmağı üstün tuturuq.

Hədiyyənin formaları

Həzrət Əli (ə) buyurur: "Ən gözəl səxavətlilik - qüdrətli olduğun halda güzəşt etməkdir". Güclünün güzəşt etməsi - hədiyyədir. Bir aciz insanın naçar vəziyyətdə qalanda digərini bağışlaması, çarəsizlikdən, qorxudan güzəşt etməsi səxavətlilik deyil. Amma bir adam gücü, iqtidarı olduğu halda keçsə, bağışlasa - bu, ən böyük hədiyyə olar.

Dinimizin nəzərində hədiyyənin, səxavətliliyin bir növü də əhdə vəfa etməkdir. "Həzrət Əli (ə) buyurur: "Səxavətli insan hər vaxt ki, vədə verər - vədəsinə vəfa edər". Verdiyin vədəyə vəfalılıq göstərmək, yerinə yetirmək - səxavətlilik təzahürüdür.

Hədiyyənin bir forması da - təğafül etməkdir. Təğafül - bir şeyi görməməzliyə, bilməməzliyə vurmaqdır. Misal üçün, bir var ki, sənin qeybətini ediblər, sən heç bilməmisən, buna xəbərsiz olmaq deyilir. Bir də var ki, sənə böhtan atıblar, ya qeybətini ediblər, bundan sənin xəbərin olur, amma görməməzlik edirsən - buna təğafül etmək deyilir. Bəzən insanlar bir işi görür, sonra fikirləşir. Ola bilər ki, sənə qarşı məişət zəminində səhvə yol vermiş bir insan, düşünmədən bunu edir. Sən təğafül etməklə, görməməzliyə, bilməməzliyə vurmaqla ona səhvini anlaya bilmək üçün yol qoymuş olursan.

Həzrət Əli (ə) buyurur: "Gözəl iş görən insanın, ehsan verən, hədiyyə verən insanın ən şərəfli əxlaqı - digərlərinin xətalarından çoxuna təğafül etməsidir". İnsan arada yox, hərdən yox, xətaların çoxuna təğafül etməyi bacarmalıdır. Evdə uşaqla, ailəylə, dostla, yaxınla, əzizlə, hər kəslə insan xətaları müqabilində təğafül etsə, onlara ən böyük hədiyyəni etmiş olar. Bu cür davranış insanın özünün də həyatını zənginləşdirər, gözəlləşdirər. Mütləq ki, xətaya diqqətsizlik etsə, bir neçə ildən sonra yaddan çıxacaq. Amma, onu ağartsa, üzə çıxartsa, üstündə qalsa, illər keçsə belə, onun üçün qalacaq, travma şəkilində həyatının bir yerində öz təsirini göstərəcək.

Həyatda bir insan digər insana müxtəlif səbəblərdən - ağrıdan, əhvalının olmamasından, hormonlarının təsirindən, nəyisə səhv başa düşməkdən, nəyəsə fərqli bucaqdan baxmaqdan yerində olmayan bir söz deyə bilər. Biz hər kəsə yanlış etmək, səhv etmək haqqını tanımalıyıq. Yeri gələndə, dinimizin yanaşmasına görə, birinin xətasını yetmiş dəfə yaxşı yerə yozmalıyıq, onun dərhal xəta olmasını sübut etməyə çalışmamalıyıq.

Ailəyə işlərində yardım etmək də hədiyyədir

Bir gün Həzrət Rəsulallah (s) bir kişidən soruşur ki, bu gün orucsan? Deyir ki, xeyr. Soruşur ki, xəstəni ziyarət etmisən? Deyir ki, xeyr. Soruşur bir rəhmətə gedənin dəfnində iştirak etmisən? O, deyir ki, xeyr. Miskinə təam vermisən? Deyir ki, xeyir.

Peyğəmbərimiz (s) ona buyurur ki, evinə tərəf get və ev işlərində əhli-əyalına kömək et ki, bu, özü bir sədəqədir.

Evdə ailəyə kömək etmək, ev işlərində yardımçı olmaq - İslamın nəzərində sədəqə əvəzedicisidir. Bəzi hallarda evdə ailəyə dəstək olmaqdan daha böyük, onlara real nə hədiyyə ola bilər ki? Bu da o situasiyalardandır ki, çox təəssüflər olsun ki, İslam bunu bəyənsə də, bizim ürfümüz ona yanlış yanaşır. Təəssüflər olsun ki, bəzən xasiyyətlər, ənənələr hətta İslamı üstələyə bilir. Biz baxmalıyıq ki, bu mövzuda Allahın razılığı nədir?

Ailədə kişinin ailə işlərinə kömək etməsi gözəl bir işdir, sədəqə qədər dəyərlidir.

Mövzumuzun əvvəlinə qayıtsaq, deyə bilərik ki, qırxgünlük mənəvi islah proqramı məhz bu kimi mövzulara diqqət etməkdən keçir. Elə deyil ki, qırx gün bitəndən sonra ixlas əmələ gələcək, elə də deyil ki, bəlli ixlas dərəcəsini tutub, onunla gediləcək. Əksinə, bu qırx günlükdə hər gün ixlasımız artacaq. İxlasımızın artması isə məhz Allahın razılığına səbəb olan bu kimi işləri həyata keçirməklə baş tutacaq. Hətta bir gün mümkündür ki, təzədən yıxılacağıq, amma ayağa qalxıb yenidən davam edəcəyik. Niyə yıxıldığımızın üstündə qalmayacayıq.

Allahdan istəyimiz budur ki, bu mənəvi dönəmdə hallarımıza nəzər salsın.

Allahım, bizlərə münasibətlərimizdə mehriban olmağı nəsib et!

Allahım, bizi Sənə yaxınlaşdıran əməlləri həyata keçirməyi bizə nəsib et!

Allahım, aqibətlərimizi xeyir et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az