ABŞ-ın İrana qarşı sanksiyaları işə salması Avropa
İttifaqı tərəfindən sərt qarşılanıb.
Publika.az xəbər verir ki, Aİ-nin xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini
nüvə anlaşmasına sadiq qalan İranla iqtisadi əməkdaşlığı
artıracaqlarını açıqlayıb.
Moqerini qeyd edib ki, bu əməkdaşlıq həm bölgə, həm də dünyada
təhlükəsizliyin xeyrinədir.
“Nüvə anlaşmasının İran xalqına qazandırdığı iqtisadi faydaların
davam etməsi və İranın bu anlaşmada qalması üçün əlimizdən gələni
edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasına görə
təxirə salınan sanksiyaların ilk mərhələsini tətbiq etməyə başladı.
Sanksiyalar siyahısına İranın ABŞ dollarına çıxışının qarşısının
alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər
qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal
edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir.
Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna
girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların,
şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla
qadağan hesab olunur. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də
tətbiq ediləcək.
Avropa isə Trampın istəklərinin əksinə olaraq, İranla nüvə
anlaşmasından çıxmaq istəmir. Böyük Britaniya, Fransa və Almaniya
dünən birlikdə İrana dəstək bəyanatı imzalayıb.
Asif