Qazax, 22 aprel, AZƏRTAC
Qazax Dövlət Rəsm Qalereyasında birinci Avropa Oyunları ilə bağlı maarifləndirici və təbliğat-təşviqat xarakterli tədbir keçirilib. Tədbirdə rayonun mədəniyyət işçiləri, idmançılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Nailə Əliyeva tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.
Qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisədir. Bu gün Azərbaycan Avropada və bütün dünyada dinamik inkişaf edən ölkə, etibarlı dost və tərəfdaş kimi tanınır. Azərbaycan ən mötəbər, dünya əhəmiyyətli tədbirlərə, idman yarışlarına ev sahibliyi etməyə tam hazırdır.
Sonda qalereyanın nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin birinci Avropa Oyunlarına həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçirilib və qaliblərə diplomlar verilib.
