Bakı, 22 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları üçün “Gəmiçilikdə beynəlxalq standartlar” üzrə treninqlər keçirilir.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, treninqlər Amerika Gəmiçilik Bürosunun nümayəndəsi tərəfindən aparılır. Təlimlərin keçirilməsində əsas məqsəd iştirakçıları effektiv menecment təcrübəsinin artırılması, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün Keyfiyyətin Menecmenti üzrə İSO 9001 və ətraf mühitin qorunması, çirklənmənin qarşısının alınmasına dair İSO 14001 standartları ilə tanış etməkdir.
Treninqdə həmçinin OHSAS 18001 peşə sağlamlığı və təhlükəsizliyi üzrə Menecment Standartı, dünyanın bir çox aparıcı şirkətlərində bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üçün tətbiq olunan standartlara nail olmağın yolları barədə də məlumat verilir. Təlimin sonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu standartlar üzrə sertifikatlar alacaq. Bu da QSC-nin beynəlxalq bazarda nüfuzunu daha da artıracaq.
Treninqlər aprelin 24-də başa çatacaq.