ABŞ-da yaşayan məşhur fars müğənni Azərbaycana gəlmək şərtlərini açıqladı: "İrana ona görə getmirəm ki..."
Paylaş
04 Avqust 2018, 03:54·5 baxış·5 dəq oxu
Publika.az Amerikada yaşayıb, fəaliyyət göstərən fars
müğənnisi, bəstəkar, yazıçı Möhsen Namjoo ilə müsahibənin ikinci
hissəsini təqdim edir.
Birinci hissəni buradan oxuya bilərsiniz:
ABŞ-da yaşayan dünya şöhrətli fars müğənni ilə sensasiyalı MÜSAHİBƏ - VİDEO
- Mahnılarınız dünyanı gəzir. Avropa turundan yeni
dönmüsünüz. Başqa səfərlər gözlənilir?
- Öncə müsahibənin davamı üçün məni gözlədiyinə görə
minnətdaram. Doğrudur, Avropanın bir çox şəhərlərində konsertlər
verdim. Bu siyahıda ilk dəfə olduğum şəhərlər də vardı. Qarşıda isə
İstanbulla Antalyanın Kəmər bölgəsi var. Sonda yenidən Nyu-Yorkda
konsertim nəzərdə tutulub.
- Amma bunların heç biri Məşhəddə verə biləcəyiniz
konsertlə bir tərəziyə gəlməzdi.
- Doğrudur. Mən hələ də o gözəl günü gözləyirəm.
- Yaradıcı insan qürbətdə daha məhsuldar olur, amma Ana
vətəninizə geri dönmək istəməzdiniz?
- Kim öz vətənində yaşamaq istəməz ki? Amma etiraf edim,
həmişəlik köçmək istəmirəm. Artıq uzun illərdir Nyu-Yorkda
yaşayıram. Hazırda İranda hökm sürən hakimiyyət insanın daxili
azadlığını dar çərçivəyə salır. Mənsə dünyanın ən azad ölkələrindən
birində yaşayıram. Amerikada fərqli mədəniyyət, ünsiyyət, həyat
tərzi hökm sürür. Qayıtsam da, bunu bir məqsədlə edə bilərəm.
Doğmalarım, əzizlərimlə daha çox zaman keçirmək və burada
qazandığım həyat təcrübəsi, peşəkar biliyimi insanlarla, xüsusən
gənc nəsillə bölüşmək. Amma yenə deyirəm, bu həmişəlik dönüş
olmayacaq.
- Çünki daxili azadlığınız musiqinizdən, musiqiniz isə
yaşadığınız cəmiyyətdən qidalanır...
- Eynilə. Mənim üçün konsertlərim daxili azadlığımın zirvəsidir.
Hər yeni layihəm, ifa etdiyim rok musiqilər mənim üçün azadlıqdır.
Ən əsası içimdəki duyğularımı səhnədə utanmadan, qorxmadan üzə
çıxardıram. Bundan böyük azadlıq yoxdur.
- Azadlıqdan danışırıqsa, bir sualıma yenidən aydınlıq
gətirmək istəyirəm. Farscadan başqa dillərdə oxumağınıza daxili
qəlibiniz mane olur?
- Elə götürək “Sareban" mahnımı, səncə, başqa dildə bu sözlər bu
qədər acılı, yanğılı ola bilərdimi?
- Yəqin ki, yox...
- Bəlkə də "şərab" sözünün digər dillərdə daha qəlbəyatımlı
tərcüməsi var. Əslində bütün dillər gözəldir, istər italyanca
olsun, istərsə də fransızca, amma mən "şərab" deməkdən zövq
alıram.
- Mən də sizin ifalarınızdan. Özü də Mohsen Namjoonu
“Sareban” mahnısından sonra tanıyıb, sevmişəm.
- Çox sağ ol. Bu mahnı mənim səhnə pasportumudur. Ümumiyyətlə,
düşünürəm ki, hər bir qadının içərisində bir Leyla yaşayır. Bütün
qadınlar azacıq Leyladırlar.
- Riyazi təhsiliniz müsiqinizə təsir edir?
- Belə deyək, mənim üçün riyaziyyat həyata baxış, düşüncə
tərzidir. Riyazi bilik adi məişət məsələlərinin də həlli yollarını
tapmaq üçün bir vasitədir. Amma desəm ki, emosiyalarım, hisslərim
riyaziyyatdan qaynaqlanır, yalan olar. Çünki azadlıq və dəqiqlik
bir-birinə tərs mütənasib keyfiyyətlərdir.
- Bizi biz edən uşaqlıqda qazandığımız acı-şirin
təcrübələrdir. Uşaqlığınızın ən parlaq xatirəsini bölüşə
bilərsiniz?
- Uşaqlığıma qayıtmaq həmişə ürəyimdə bir istilik oyadır.
Məşhəddə böyük bir ailədə böyümüşəm. 11, bəlkə də 12 yaşında idim.
Belə deyim, özümü yetərincə tanımırdım, gələcəyimlə bağlı da
planlar qurmurdum. Musiqi haqda tam anlayışım yox idi. Bir gün
musiqiyə marağımın fərqinə vardım. Bir neçə il pulsuz musiqi
məktəbində təhsil alandan sonra bu biliyin mənim imkanlarımdan
aşağı olduğunu hiss etdim. Həmin vaxt da Məşhədin ən güclü
məllimlərindən biri Nəsrullah Nasepur özəl musiqi məktəbi açmışdı.
Aylıq ödəniş isə çox baha idi. Ailəmin buna gücü yetməzdi. Bir gün
gedib ondan xahiş etdim ki, məni sinfinə pulsuz götürsün və o, bunu
etdi. Düz 4 il ərzində Nəsrullah Nasepurdan pulsuz musiqi dərsləri
aldım. Bu mənim karyeramın başlanğıcı idi. Müəllimim mənə nəinki
musiqini, insanlığı, mərdliyi də öyrətdi. Bildiklərini mənə
təmmənasız ötürdü. Bax, bu cəsur insan uşaqlığımın ən parlaq
xatirəsidir.
- Azərbaycandan olan digər pərəstişkarınız sizə “Mocir”
mahnınız haqda sual ünvanlamağımı istədi. Bu mahnı babanızın sizə
yadigarıdır. Bəs siz özünüzdən sonra kimə belə dəyərli yadigar
qoymağı düşünürsünüz?
- O zaman yenə uşaqlığıma qayıdaq. 1989-cu ilin yaz ayları idi.
Babam ağır xəstəlikdən əziyyət çəkirdi. Xərçəng bütün bədəninə
yayılmışdı. Uşaq idim, ölüm, itki nədir, dərk etmirdim. Babam
yatağında “Mucir” duasını oxuyurdu. Bacımla ağlımıza bir fikir
gəldi. Babamın səsini maqnitofona yazdıq. Özü də boş kaset yox idi,
qardaşımın kasetlərindən birini götürdük. O da bizə deyindi. İki ay
sonra babam dünyadan köçdü. İllər sonra mən "Mucir" duasını mahnı
şəklində babamla virtual duet oxudum. Bu dua 88 bənddən ibarətdir
və hər bəndin sonunda Allahın ismi çəkilir. Amma özümdən sonra
yadigar qoymaq haqda hələ düşünməmişəm.
- “Şəkveh” mahnınızda isə 100 ilin sərxoşluğundan və
axtardığınız şərabxanadan bəhs edirsiniz? O şərabxananı
tapdınız?
- Şərabxana burada rəmzi məna daşıyır. Həyatımızın əsas məqsədi
arzularımıza qovuşmaqdır. Ömrümüz boyu da bunun uğrunda mübarizə
aparırıq. Odur ki, sonunadək axtarışda olacağıq. Tapıb, tapmamaq
isə öz əlimizdədir.
- Mohsen bəy, cəmi 42 yaşınız var, amma zülfünüz qar
kimi bəyazdır.
- Bunun adətən iki səbəbi olur. Həyat təcrübəsi və müdriklik.
Düşnürəm ki, məndə hər ikisi var (Gülür)
- Musiqiyə ayırdığınız zaman yazarlıq fəaliyyətinizi
kölgədə qoymur ki?
- Düşünmürəm. 3 musiqi albomum hazırlanacaq. Bundan əlavə yeni
kitab yazmışam, onun nəşrini gözləyirəm. Kitabda bir çox məsələlərə
toxunmuşam. Bura tarix, analitika və digər mövzular daxildir.
-Azərbaycan muğamını ifa etməyi
düşünmürsünüz?
-Mən musiqiçiyəm. Muğamı isə özümə çox doğma sayıram.
Kitabxanamda muğamla bağlı onlarla kitab var. Təbii ki, Azərbaycan
muğamını da dinləyirəm. Əgər bir gün ölkənizdə konsertim təşkil
olunsa, məmnuniyyətlə muğamınızı da ifa edərəm.
- O zaman böyük səbrsizliklə gəlişinizi
gözləyirik.
- Doğrusu səninlə tanışlığa qədər Azərbaycanda sevənlərimin
olduğunu bilmirdim. Gəlməyimi istəyirsinizsə, təşkilatçılığı
üzərinizə götürün, konsert proqramını isə mən öz üzərimə
götürürəm.