“Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra ilk dəfə olaraq İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla müddətli müqavilə ilə müəllimlərin işə götürülməsi prosesinə başlanılacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Təhsil TV”yə müsahibəsində deyib.
M.Camalzadə bildirib ki, bu il müəllimlərin işə qəbul və yerdəyişməsi prosesində ən vacib dəyişikliklərdən də biri məhz budur.
“Müddətli müqavilə ilə işə qəbul mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi və ya İnsan resursları tərəfindən həyata keçiriləcək. Bu namizədlərin ürəyincə olan dəyişiklikdir. Avqust ayının sonunda müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsi-vakansiya seçimi, müsahibə və yerlərə məlumatların göndərilməsi başa çatacaq. Avqustun sonundan etibarən müəllimlərin təhsil müəssisələrində vakant qalan və yeni yaranan yerlərə müddətli müqavilə ilə işə qəbulu həyata keçiriləcək”.
Mərkəz rəhbəri bildirib ki, bunun üçün namizədlər şəxsi səhifələrində yenidəın vakansiya seçimində iştirak etməlidirlər.
“Tədris ili başlayana qədər bu cür yerləşdirmələrin bir neçə dəfə aparılması nəzərdə tutulur. Məqsəd bu sahədə obyektivliyin qorunması, hər bir namizədin balı imkan verdiyi halda işlə təmin edilməsi və hər bir vakansiya layiqli namizəd tərəfindən tutulmasıdır. Prosesin mərkəzləşmiş qaydada aparılması ona nəzarət imkanlarını artırır. Bu yerləşdirmədə müəllimlərin işə bul imtahanı üzrə test mərhələsində iştirak edib keçid balını toplayan namizədlər iştirak edə bilər. Müddətli müqavilə ilə işə qəbul mərhələsində keçid ballarının müəyyən qədər azaldılması da istisna edilmir. Əvvəlki illərin də təcrübəsi göstərir ki, müddətli müqavilə ilə işə qəbulda keçid balı bir qədər aşağı salınırdı. Ümumilikdə bu proses müəlimlərin işə qəbulunda vahid pəncərə sisteminin yaradılması və şəffalığın təminatına xidmət edir”.