Xəbərdə metropolitendə əlillər, qocalar, hamilə və uşaqlı qadınlar üçün xüsusi vaqonlar ayrılmasından söhbət gedirdi. Bildirilirdi ki, dünyanın bir çox ölkələrində həmin kateqoriyadan olan insanların ictimai nəqliyyat problemərini aradan qaldırmaq üçün xüsusi vaqonlar işə salınıb. Yəni qatarda olan 5 vaqondan biri məhz həmin kateqoriyaya məxsus insanlara aiddir. Digər sərnişinlərin həmin vaqonlara minmək hüquqları yoxdur.
Bakı metrosunda hər gün müşahidə olunan sıxlığı, əlil və ya ahıl insanlar, o cümlədən hamilə və uşaqlı qadınlar, elə qucağında körpə olan kişilərin də sürətlə şütüyən qatarlarda ayaq üstə qaldığını nəzərə alsaq, mövzunun nə qədər aktual olduğunu görərik.
Şəhər nəqliyyatında böyüklərə, ehtiyacı olan insanlara yardım etmək ənənəsi onsuz da çoxdan məhv olub. Hər gün tanış simaları görməyin müşkülə çevrildiyi bu meqapolisdə, sanki, hər kəs özü üçün yaşayır və yaşam mübarizəsi aparır. Ona görə də insanların şüurlarına "zəiflər məhv olmalı, güclülər yaşamalıdır" düşüncəsi hakim kəsilib sanki.
Bir zamanlar Bakının ictimai nəqliyyatında böyüklərə yer vermək ənənəsi şəhərimizin qonaqlarını həmişə heyran edirdi. Doğrudan da, belə ənənəyə çox yerdə rastlaşmaq olmurdu. Ancaq zaman keçdikcə, şəhər böyüdükcə, şəhərimiz böyük meqapolislərin etinasızlıq xəstəliyinə tutulur. Heç kim zəifə güzəştə getmək istəmir.
Belə bir vəziyyətdə heç olmasa, Bakı Metropoliteni və Nəqliyyat Nazirliyi insanların qayığısına qala bilməzmi? Amma görünür, nə yerüstü nəqliyyatımız, nə də ki, yeraltı nəqliyyatımız hələ buna hazır deyil. Hazır olmaması qalsın bir kənara, heç bu barədə düşüncə də yoxdur.
Əlillər üçün vaqonlar məsələsi barədə açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, yuxarıda sadalanan kateqoriyadan insanlar üçün vaqonlar məsələsi qurumda müzakirə mövzusu deyil.
İnanın ki, eyni sual Nəqliyyat Nazirliyinə də ünvanlansa, cavab eyni olardı: "Bu məsələ müzakirə edilmir" və ya "Nazirliyin gündəliyində belə bir məsələ yoxdur".
Bakı nəqliyyatı heç bir mütərəqqi yeniliklərə hazır deyil. Bəs gündən-günə inkişaf etdiyini iddia etdiyimiz Bakı nəyə hazırdır?
Teymur Hacıyev
Milli.Az