Parıs, 22 aprel, AZƏRTAC
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Baş Konfransının prezidenti, Çinin UNESCO üzrə Milli Komissiyasının prezidenti Hao Ping ilə görüşüb.
Görüşdə Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı vəziyyəti və Baş Konfransın UNESCO-nun fəaliyyətində rolu barədə müzakirələr aparılıb. Hao Ping Azərbaycana səfərini məmnunluqla xatırlayıb və ölkənin inkişafının onda dərin təəssürat yaratdığını qeyd edib.
Əbülfəs Qarayev UNESCO çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlər baradə məlumat verərək mayın 18-19-da Bakıda təşkil ediləcək lll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun tərəfdaşlığı ilə keçiriləcək sessiyyalar və iclasların proqrama xüsusi maraq qatacağına əminliyini bildirib.
Nazir Baş Konfrans zamanı müasir dünyada mədəniyyətlərarası dialoq prosesləri mövzusunda müzakirələrin aparılması və üzv ölkələrin belə məsələlərə önəm verməsi üçün çağırışlar edilməsinin vacibliyini vurğulayıb.
Hao Ping bu amillərin nəzərə alınacağını qeyd edib və Forumun işinə uğurlar arzulayıb.
Söhbət zamanı Azərbaycan və Çin arasındakı tarixi köklərə bağlanan dostluq münasibətləri nəzərdən keçirilib, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi səfir Anar Kərimov da iştirak edib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris