[ 21 Aprel 2015 13:49 ]



Bakı. Fərid Mirzəyev – APA. Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələrinin verilməsi barədə qərar ləğv olunub.

 

Bu barədə APA-ya məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib ki, Bakı-2015 Avropa Oyunları zamanı vətəndaşlar avtomobillərindən sərbəst şəkildə istifadə edəcəklər: “Ancaq vətəndaşlara məsləhət görülür ki, yol kənarlarında avtomobillərini saxlamasınlar. Yol kənarlarında saxlanılan avtomobillər evakuator vasitəsilə ərazidən aparılacaq”.


Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələrinin verilməsi barədə qərar vermişdi. Qərara əsasən,  buraxılış vərəqələrinin veriləcəyi gözlənilirdi.