Azərbaycanda insanlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə çalışsalar da, əksər vaxtlarda həmin şəxslərin gəlir götürə bilməmələrindən, ya da az mənfəət əldə etdiklərindən gileyləndiklərinin şahidi oluruq. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, səbəb budur ki, ya əkilən məhsul məhv olur, ya da yüksək məhsuldarlıq əldə edilmir. Məsələn, bir müddət öncə Göyçay rayonunun, əsasən, Lək, Qaraxıdır, Yalman, Mırtı, Şixbəy və Cəyirli kəndlərindən olan fermerlərin istixana şəraitində becərdikləri pomidor şitillərində kütləvi xəstəlik yayılıb. İnkişafdan qalan şitillər kökündən çıxarılaraq atılıb. Fermerlər xəstəliyi aldıqları pomidor toxumunun yararsız olması ilə əlaqələndiriblər. Yaranan bu halın onlara ciddi ziyan vurduğu isə şübhəsizdir.

"3 min ədəd şitildən minini çıxarıb çölə tökmüşəm. 2 mini qalıb. Təzədən şitil əkmişəm. O da yetişəndə mənim mayamı çıxarmağıma çatmır", - deyə fermer Asim Həmidov bildirib. Fermer Şiraslan Mikayılov isə deyib ki, mayın axırına kimi yetişən pomidorun 1 yeşiyi 20-30-40, iyunda isə 2 manata olur.

Fermerlər deyirlər ki, bu cür xəstəliyə ilk dəfə rast gəlirlər. Min bir əziyyətlə yetişdirdikləri şitillərin məhv olmaması üçün müxtəlif üsullardan istifadə etsələr də, heç bir xeyri olmayıb. Mütəxəssislər isə bildirirlər ki, bəlkə də həmin xəstəliyin dərmanı var. Amma fermerlər bunu bilmirlər. Bu hal hazırda kənd təsərrüfatının digər sahələrində də müşahidə edilir. Misal üçün, hər hansı bir ixtisaslaşdırılmış müəssisədə, yaxud yeni yaradılan fermer təsərrüfatlarında hər hektardan 35-40 sentner taxıl yığılır. Tək özü bu işlə məşğul olan fermer isə 10-15 sentner məhsul götürür. Bu məsələ digər kənd təsərrüfatı məhsullarının istehsaçılarına da şamil edilir.

Mütəxəssislər deyirlər ki, bunun əsas səbəbi fermerlərin işi kortəbii şəkildə görmələridir. Yəni onların əksəriyyəti əkdiyi toxumun keyfiyyətini nəzərə almır. Vaxtlı-vaxtında aqrotexniki qulluq işlərini həyata keçirmir və s. Nəticədə isə fermer ya ziyanla üzləşir, ya da gəliri cüzi olur. Bəs fermerlərin təsərrüfat işlərinə bu cür yanaşmasının səbəbi nədir? Müşahidələr göstərir ki, hazırda kənd təsərrüfatı məhsullarının istehsalçıları arasında ciddi maarifləndirmə işlərinə ehtiyac var. Çünki onların əksəriyyəti əkdiyi bitkiyə və ya bəslədiyi heyvana hansı formada qulluq göstərilməli olduğunu bilmirlər. Kənd Təsərrüfatı Nazirlyinin yerli qurumlarına da müraciət etmirlər. Bu müraciətlərin olunmamasının bir səbəbi də onların özlərinin qaydaları bilməməsindən irəli gəlir. Bəzən də bu qurumlar fermerlərə qarşı biganəlik göstərirlər.

Fermerlərin bir qismi dövlət tərəfindən onlara verilən güzəştlərdən də tam şəkildə xəbərdar deyillər. Məsələn, Yevlax rayon Kövər kənd sakini Famil Sadıqov kimi: "Fermer deyəndə ki, hərənin 5-6 hektar yeri var. Mən fermer sayılmıram ki. Pensiyaçıyam, 74 yaşım var. Bu gündən sonra mən nə edirəm ki? 38 il kolxozda işləmişəm. Həm mexanizator, həm briqadir. Fermerlərə, bəlkə də, sərf edər. Nə bilim. Mənim isə xəbərim yoxdur, heç ehtiyac da deyil. Təzədən nə edirəm. Bu gün varam, sabah yoxam”

Yevlax rayon Kövər kənd sakini Qürbət Məmmədov isə bildirir ki, kəndlərində çox adam gübrə üzü görməyib. Hamı gübrəni pulla alıb, səpir.

Elə isə sual yaranır: bu vəziyyət nə vaxtadək davam edəcək? Fermer əkdiyi torpaqdan, bəslədiyi heyvandan nə zaman əsaslı gəlir götürəcək? Mütəxəssislər bildirirlər ki, əslində, bu suallara cavab var. Fermer məşğul olduğu kənd təsərrüfatı sahəsindən gəlir götürmək üçün ilk növbədə, bütün profilaktiki tədbirləri həyata keçirməli, dövlətin tətbiq etdiyi güzəştlərdən səmərəli istifadə etməlidir. Onlara bu işdə kömək göstərəcək xüsusi qurum da yaradılır. Bu, kənd təsərrüfatı idarələridir. Artıq respublikanın 52 rayonunda kənd təsərrüfatı idarələrinin inzibati binalarının tikintisi başa çatmaq üzrədir. Ötən il inşasına başlanan bu binaların may ayından etibarən istifadəyə verilməsi planlaşdırılır. Hazırda rayonlarda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ayrı-ayrı qurumlar isə həmin idarələrin tərkibinə veriləcək. Bu qurumlarda bütün sahələr üzrə müasir tələblərə cavab verə bilən işçilər yerləşdiriləcək.

Artıq kadrların seçimi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlət Qulluğu üzrə Komissiyaya müraciət də edilib. Bütün kadrlar imtahan olunacaqlar. Kənd Təssərrüfatı İdarələri tərəfindən isə yerlərdə aqrar siyasət həyata keçiriləcək. Torpaqların səmərəli istifadəsinə, elektron kənd təsərrüfatı sisteminin yaradılmasına, subsidiyaların verilməsinə və digər məsələlərə nəzarət olunacaq. "Mən deyərdim ki, bunlar rayonlarda fermerlər üçün bir poliknilika rolunu oynayacaq. Yəni fermerlər qarşılaşdıqları problemlərin həlini bu idarələr vasitəsi ilə tapacaqlar. Digər tərəfdən yerlərdə aqrar siyasəti həyata keçirən nazirliyin bir struktur bölməsi olacaq. Təbii ki, bizim tabeçiliyimizdə olan qurumların rayonlarda təşkilatları fəaliyyət göstərir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon şöbələri, Sanitar Nəzarət Xidmətinin bitki mühafizə şöbələri və s. Yəni bunlar pərakəndə şəkildədir. Lakin kənd təssrrüfatı idarələri yarandıqdan sonra vahid mərkəzdən idarəetmə prinsipi həyata keçirəcək”, - Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Gözləntilərə əsasən, Kənd Təsərrüfatı İdarələrinin yaradılması rayonlarda kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Bundan sonra da kənd təsərrüfatı sahəsində islahatların davam edəcəyi bildirilir. Mütəxəssisiər də deyirlər ki, indi fermerlərin üzərinə də böyük məsuliyyət düşür. Gərək kənd təsərrüfatı ilə bağlı bütün vergilərdən azad olan fermer öz işini düzgün qursun. Dövlətin tətbiq etdiyi güzəştlərdən səmərəli istifadə etsin. Kənd təsərrüfatı texnikalarını 40, gübrələri 70 faiz güzəştlə alaraq, məşğul olduğu təsərrüfat sahəsi üzrə aqrotexniki qulluq işlərini vaxtı-vaxtında həyata keçirsin. Əgər belə olarsa, həm fermer varlı olar, həm də kənd təsərrüfatı məhsullarına tələbatımız ödənər.

Milli.Az