[ 20 Aprel 2015 16:09 ]



Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Bərdə və Tərtər rayonlarındakı hərbi hissələrin düşmənlə təmas xəttində yerləşən bir sıra bölüklərində və döyüş növbə çəkmə postlarında plan üzrə baxışlar keçiriblər.

 

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, baxışlar Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, Aparatın böyük məsləhətçisi Murad Babayev və Müdafiə Nazirliyinin məsul əməkdaşı Emin Səfərovla birgə keçirilib.

 

Baxışlar zamanı şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.

 

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb.

 

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.