Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Norveç aviaşirkətinə məxsus sərnişin təyyarəsində vəziyyəti pişləşən Danimarka vətəndaşı Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. Bu barədə Trend- Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq Danimarka vətəndaşı Alen Lastenin həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək tutmasından dünyasını dəyişib. Bakıya eniş edərkən qızı onun yanında olub. Hazırda meyit morqdadır və onun ölkəsinə təhvil verilməsi üçün müvafiq işlər aparılır.

Qeyd edək ki, aprelin 19-da Banqkok-Kopenhagen aviareysi üzrə uçan, Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Halı pisləşmiş 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və qızı reysdən çıxarılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az