Bakı. 20 aprel. REPORT.AZ/ Təyyarənin Bakıya məcburi enişinə səbəb olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten dünyasını dəyişib. Bu barədə "Report"a Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
"Mərhum gecə saatlarında elə xəstəxanada dünyasını dəyişib", - məlumatda bildirilib.
Xatırladaq ki, dünən aprelin 19-da Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Buna səbəb sərnişinlərdən birinin vəziyyətinin kəskin pisləşməsi olub. Məcburi eniş 16:02-də baş verib və həmin təyyarədə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten reysdən çıxarılıb. Vəziyyəti pisləşən sərnişin 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilmişdi.