Üç ay Hicri-Qəməri aylardan rəcəb, şaban və ramazan aylarıdır."Üç ay" müsəlmanların mübarək ramazan ayına hazırlıq mərhələsidir
Bu aylarda bir çox mübarək əhya gecələri var. İslam dünyasında əsrlərdir “üç ay” ənənəsi var və bu üç ay iqlimi möminlərin mübarək ramazan atmosferinə hazırlıq mərhələsidir. İslam dünyasında üç ay adlandırılan rəcəb, şaban və ramazan ayları uca allahın mömin qullara verdiyi bərəkətli və feyzli zamanlardır. Üç ay insanların mənəvi yüksəkliyə çatmaq, tövbə etmək, günahlardan təmizlənmək üçün fürsətlər zamanıdır.
Bu aylarda namaz qılmayanlar namaza başlayır, oruc tutmayanlar oruca hazırlaşır, ibadətlərini, xeyirxah əməllərini çoxaldır. Möminlər üç ayda nəfsləri ilə keçmiş bir ilin hesabatını aparırlar. Üç ay həyatında həmişə fərqliliklər axtaran insan oğlunun yeknəsəqlikdən qurtulması üçün vasitədir.
Uca allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, allah nə etdiklərinizdən xəbərdardır” /Həşr 18/. Mübarək üç ay gəldiyi zaman ibadət etməyənlər ibadətə başlamalı, ibadət edənlər ibadətini çoxaltmalı, möminlər xeyir əməllərini çoxaltmalı, kasıba, yetimə əl tutmalı, ən əhəmiyyətlisi isə allaha olan şükrünü çoxaltmalıdır. Qısacası, bütün müsəlmanlar üç ayda böyük və kiçik günahlardan əl çəkməli, qiybət, dedi-qodu etməməli, iftira, yalançı şahidlik və sair əhəmiyyətsiz kimi gördüyümüz günahlardan əl çəkməlidirlər. Xeyir işlərini çoxaltmalı, sədəqə verməli, imkansıza əl tutmalıdırlar.
İslam peyğəmbəri: “Bəzən bir təbəssüm, bəzən də insanların keçdiyi yoldan daşı götürüb kənara atmaq sədəqədir”, - deyib. Xatırladaq ki, üç ayda xeyir əməllərin savabı qat-qat artıq yazıldığı kimi, pis əməllərin də günahı qat-qat artıq yazılır. Müsəlmanların üç ayda hər gün bu duanı oxuması məsləhət görülür: “Allahummə bəriklənə fi rəcəbə və şaban, və bəlliğnə ramazan” (Ey allahım! Rəcəb və şabanı bizə mübarək et, bizi ramazana qovuşdur).
Milli.Az