Ekspert hesab edir ki, varlı ilə kasıbın cərimə ödəməsində fərqin olması üçün ilk növbədə qazanclar, gəlirlər gizlədilməməli, şəffaf olmalıdır. Hüquqşünas Ərşad Hüseynov Milli.Az-a açıqlamasında bildirdi ki, Avropanın bəzi ölkələrində maddi imkanı yüksək olan sürücüləri çəkindirmək üçün ağıllı üsuldan istifadə olunur. Sürücüyə cəza onun bir günlük qazancına uyğun təyin olunur.Cərimələrdə və maliyyə cəzalarında sosial ədalət prinsipi inkişaf etmiş ölkələrin qanunvericiliyinin əsaslarından biridir. Yəni hər hansı qanun pozuntusuna görə varlı ilə kasıbın cəzasına fərq qoyulur. Azərbaycanda isə bu fərq yoxdur, halbuki yol hərəkət qaydalarının pozulmasına görə, fikrimizcə, varlılar daha çox cərimə ödəməlidirlər.
Ekspertin sözlərinə görə, belə bir qayda dünyada ilk dəfə Skandinaviya ölkələrində tətbiq olunub: “Artıq yavaş-yavaş başqa ölkələrə də yayılmağa başlayıb. Finlandiyada 2005-ci ildə bir hadisə sensasiya yaratmışdı. Bir sürücüyə bir dəfəyə yüz əlli iki min avro cərimə tətbiq etmişdilər. Həmin adamın gündəlik qazancı 50 min avrodan çox olub. Ona görə də bir qayda pozuntusuna görə üç günlük qazancı məbləğində cərimə olunub”.
Bu qaydanın Azərbaycanda işləməyəcəyini əminliklə vurğulayan Ə.Hüseynov hesab edir ki, bunun üçün ölkədə ideal şəffaflıq olmalıdır:
“Belə qaydaların uğur qazanması üçün maaşlar, qazanclar gizlədilməməli, sistem olmalıdır. Qazancımızı müxtəlif vasitələrlə gizlədirik, rəsmi və qeyri-rəsmi əməkhaqqılarımız var. Avropada isə bunu heç kəs gizlətmir, gizlədə də bilmir. Yol polisinin digər xidmətlərin, verginin apardığı informasiyaya inteqrasiyası var. Yəni yol polisi cərimə etmək istədiyi sürücünün sənədinə baxan kimi həmin şəxsin gündəlik gəliri barədə məlumat əldə edir və cəriməni də həmin gəlirə uyğun tətbiq edir. Azərbaycanda elə adamlar var ki, yarım milyonluq maşın sürür, amma araşdıranda həmin avtomobil qaynanasının adına, özü işsiz, mülkiyyətsiz olur. Şəffaflıq ilk növbədə beyinlərdə olmalıdır. Qazancımızı bir-birimizdən gizlətməməli, hər kəs vergisini ödəməli, ədalətsizlik olmamalıdır. Avropada beyinlər şəffaf olduğundan, ictimai münasibətlərdə də, polisin fəaliyyətində də, vergidə də, hətta digər sahələrdə də şəffaflıq var”.
Anar Məmmədov
Milli.Az