Bakı, 19 aprel, Abdulla Suvar, AZƏRTAC
Bu gün Heydər Əliyev Sarayının səhnəsi başdan-başa ağ çiçəklərə qərq olmuşdu. Ölkənin bir nömrəli konsert salonunda baharın gəlişi duyulurdu. Xüsusi zövqlə hazırlanmış bu salon, sayılıb-seçilən ifaçımız, Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın şərəfinə bəzədilmişdi.
AZƏRTAC xəbər verir ki, aprelin 19-da məlahətli, bənzərsiz ifaları ilə milyonların qəlbini fəth edən Xalq artisti Fidan Hacıyeva “Bir bahar axşamı” adlı konsert proqramı ilə yenidən sənətsevərlərə bahar təravətli, bahar qoxulu bir gecə yaşatdı.
Əvvəlki konsertlərindən fərqli olaraq, bu dəfə ifaçı müxtəlif dillərdə mahnı və romans janrına üstünlük verib. Konsertdə yeni mahnılar səsləndirən müğənnini ilk dəfə olaraq Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestri müşayiət edib. Orkestrin dirijoru Azər Allahverdiyev, bədii rəhbəri bəstəkar və pianoçu, əməkdar artist Salman Qəmbərovdur.
Həmişə səhnəni gənclərlə paylaşmağa üstünlük verən Fidan Hacıyeva bu dəfə də ənənəsinə sadiq qalıb və gənc ifaçı Ələsgər Əliyevlə birgə çıxış edib. Bu, gənc ifaçı üçün debüt olub.
Konsertin fərqli tərəflərindən biri də adına uyğun olaraq opera müğənnisinin libaslarının baharı andıran rəng çalarlarında olması idi. Hər bir mahnı üçün ayrı-ayrı klip formasında videoçarxlarin nümayiş olunduğu gecədə sənətkar, ona sənət şöhrəti gətirən “Karmen”i də unutmayıb. Bu, opera əsərindən də parçalar ifa edib.
Bütün konsertlərində olduğu kimi, bu dəfə də görkəmli müğənni orijinal oxu tərzi, ifa üslubu ilə tamaşaçı diqqətini cəlb etməyi bacardı. “Bir bahar axşamı”nda səslənən ifalar bir daha sübut etdi ki, ürəkdən gələn ifaya, həqiqi istedada heç kəs laqeyd qala bilmir. Məhz buna görə də Fidanın hər bir ifası sürəkli alqışlarla qarşılandı.











