ABŞ və Liviya arasında tarixi yaxınlaşma

ABŞ prezidenti Corc Buş hələ bir müddət əvvələ qədər Ağ Evin terrorçular siyahısına saldığı Liviya prezidenti Müəmmər Qəddafiyə zəng edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Liviya xüsusi xidmət orqanlarına işlədiyi güman edilən terrorçuların qurbanlarına kompensasiya ödənilməsindən razılığını bildirib.

Ağ Evin nümayəndəsi qeyd edib ki, bu, son 40 il ərzində ABŞ prezidentləri və 1969-cu ildən Liviyaya rəhbərlik edən Müəmmər Qəddafi arasında ilk rəsmi danışıqdır. Qeyd edək ki, Liviya oktyabrın 31-nə kimi iki terror aktının qurbanlarına kompensasiya fonduna 1,5 milyard dollar köçürüb. Bu terror aktlarından biri 1986-cı ildə Almaniyada diskotekada həyata keçirilib. İkinci partlayış isə 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində baş verib. Terrorçular “Pan American” şirkətinə məxsus təyyarəni Lokerbi üzərində partladıblar. Öz növbəsində Amerika Liviyaya “qisas zərbəsi” nəticəsində ölənlərin ailələrinə 300 milyon dollar ödəməyə razı olub.

Buş və Qəddafi bildiriblər ki, kompensasiya ilə bağlı razılaşma iki ölkənin münasibətləri tarixi ərzində ən ağrılı problemi həll etməyə kömək edəcək. Bundan əlavə, ABŞ dövlət katibi Kondoliza Raysın Liviya prezidentinin Vaşinqtonu özəl səfərlə ziyarət edəcək oğlu Saif əl-İslam Qəddafi ilə görüşü barədə razılaşma əldə olunub.