Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Metbuat.az-ın məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.
Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.
İkinci yarış günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparıb. Gənc güləşçilərimiz yarış gününü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.